Qızıl bahalaşacaq

Qızıl bahalaşacaq backend

Dollar indeksinin aşağı düşməsi belə dəməyə əsas verir.

Dollar indeksinin aşağı düşməsi belə dəməyə əsas verir

Dünən, ticarət həftəsinin son günündə beynəlxalq əmtəə bazarlarında qızıl bir qədər də bahalaşaraq, 1275 dollarunsiya həddinə çatıb. Bu, son ay yarım ərzində ən yüksək göstəricidir. Ekspertlər qiymətli metalın bahalaşmasını dolların əsas valyutalara nisbətdə ucuzlaşması ilə əlaqələndirir və bu trendin hələ bir müddət davam edəcəyi proqnozlaşdırırlar. Lakin həmin müddətinin nə qədər olacağı və qızılın hansı həddədək bahalaşacağı mübahisə doğurur.

Məlumat üçün bildirək ki, son 5 ildə qızılın ən yüksək qiyməti 1780 dollarunsiya olmaqla, hələ 2012-ci ilin oktyabrın 5-də qeydə alınıb. Bundan sonra ucuzlaşmağa başlayan metalın ən aşağı qıyməti isə 2015-ci ilin noyabrın 27-də müşahidə edilib – 1056 dollarunsiya. Elə həmin gündən etibarən qızıl fasilələrlə bahalaşmaqda davam edir. Lakin 1300 dollarunsiya sərhəddini keçməkdə çətinlik çəkir. Ötən ildə qızılın qiyməti yalnız bir dəfə psixoloji baryerini aşa bilsə də, burada uzun müddət möhkəmlənmək mümkün olmayıb. Cari ildə də qızılın qiyməti bir neçə dəfə 1300 dollarunsiyaya yaxınlaşıb, amma güclü müqavimət xəttini qırmaq cəhdləri uğursuz olub.

İndi isə keçək detallara. Bildiyiniz kimi, artıq xeyli müddətdir ölkəmizdə dolların bahalaşacağı ilə bağlı gəzən şayiələr səngimək bilmir. Bir çoxları məhz elə bu səbəbdən pullarını dollarda saxlamağa üstünlük verir. Bu yaxınlaradək şayiələr heç də əsassız deyildi. Belə ki, ABŞ Federal Rezerv Sisteminin (FED) faiz dərəcələrini artırmaq siyasəti hər kəsdə bahalaşmaya qəti inam yaratmışdı. Amma son zamanlar Birləşmiş Ştatlarda makroiqtisadi göstəricilərin gözləntilərə uyğun olmaması FED-in faiz dərəcələrini artırmasını əngəlləyir. İyulun ortalarında dərc olunmuş istehlakçı qiymətləri indeksi və işsizliyə görə müavinət almaq üçün ilk dəfə müraciət edənlərin sayı kimi göstəricilər buna misal ola bilər. FED rəsmiləri ölkədə inflyasiyanın 2%-dək sürətləndirilməsinin vacibliyini dəfələrlə vurğulasalar da, iyun ayı üzrə inflyasiya (istehlakçı qiymətləri indeksi) gözləniləndən xeyli az - yalnız 1,6% olub. İşsizliyə görə müavinət almaq üçün ilk dəfə müraciət edənlərin sayında artım isə əksinə, gözləniləndən daha yüksək olub. FED-in pul siyasətini şərtləndirən bu kimi göstəricilərin proqnozlara uyğun olmadığını görən bazar iştirakçıları dollar üzrə faiz dərəcəsinin yaxın vaxtlarda artırılmasının mümkün olmayacağını anlayıblar. Və həqiqətən də, iyulun 25-26-da FED-in müşavirəsində faiz dərəcəsinin olduğu kimi (1-1,25%) saxlanılması ilə bağlı qərar qəbul edilib. Məhz bu qərarın ardından dollar indeksi (dolların ABŞ-ın 6 ən böyük ticarət tərəfdaşı olan ölkələrin valyuta səbətinə nisbəti) 0.66% ucuzlaşaraq 93.58 səviyyəsinə enib. Qızıl isə son ay yarım ərzində öz maksimum qiymətinə çatıb.

Dollar indeksindən söz düşmüşkən, qeyd edək ki, onun göstəricisi son bir ildə 9% azalıb. FED-in qərarından sonra isə indeks 13 aylıq minimum həddinə yaxınlaşıb. Bunu əsas gətirən bir sıra maliyyə ekspertləri yaxın həftələr, hətta aylar ərzində qızılın bahalaşmaqda davam edəcəyi və 1300 dollarunsiya sərhəddini keçə biləcəyini söyləyirlər. Bu fikirlə razı olmayanlar isə qiymətin 1300 dollarunsiya səviyyəsinə çatdıqda əksər treyderlərin satış əməliyatlarını dayandırıb, mövcud gəlirlərini riskə atmayacaqlarını bildirir, bununla da qızılın qeyd olunan psixoloji baryeri keçə bilməyəcəyini qeyd edirlər.

Sonda bir maraqlı fakti da diqqətinizə çatdıraq. İsveçrənin investisiya bankı “Credit Suisse” cari ilin ikinci yarısı üçün qızılın qiymətilə bağlı proqnozunu azaldıb. Belə ki, əvvəllər bankın analitikləri qiymətli metalın 1388 dollarunsiyayadək bahalaşa biləcəyini bildirirdilərsə, indi bu ehtimalı 1318 dollarunsiyayadək azaldıblar. Bu isə o deməkdir ki, isveçrəli mütəxəssislər qızılın bahalaşmasının davam edəcəyini gözləsələr də, bahalaşmanın ciddi olmayacağını və uzun sürməyəcəyini düşünürlər.
Diaspora