Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 12,23% artaraq 2017-ci ilin yanvar-iyun ayları ərzində 1 456,8 mln. ABŞ dolları təşkil edib.
Qaziler.az "Report"-a istinadən bildirir ki, Azərbaycandan MDB ölkələrinə ixrac illik 49,93% artaraq 469,1 mln. dollara yüksəlib. Bu müddətdə idxalın həcmi 0,26% artaraq 987,7 mln. dollar olub. MDB ölkələrinin xüsusi çəkisi məcmu ixracda 8,90%, idxalda isə 28,97% təşkil edib.
Beləliklə, MDB ölkələri ilə ticarət dövriyyəsinin mənfi saldosu illik 23% azalaraq cari ilin birinci yarısında 518,5 mln. dollara düşüb.
MDB ölkələrinə ixracın 62%-i və ya 289,8 mln. dolları, idxalın isə 67%-i və ya 661,5 mln. dolları Rusiyanın payına düşüb. Rusiyaya ixrac həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,94% artım, idxalda isə 10,95% azalma müşahidə olunub.
Qeyd edək ki, hesabat dövründə Azərbaycan 171 ölkə ilə 8 678,4 mln. dollar həcmində ticarət əməliyyatı həyata keçirib.