Ötən gecə Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb.
Piyadanın üstündən keçən “Porsche Cayenne” markalı, 90 HR 440 dövlət nömrə nişanlı avtomobilin Türkiyə vətəndaşına yox, Azərbaycan vətəndaşına məxsus olduğu bəlli olub.Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, qəzanın Bakı sakini, 1993-cü il təvəllüdlü Kərimov Əhəd Hikmət oğlu tərəfindən törədildiyi üzə çıxıb.
Bildirilir ki, Sabunçu dairəsi yaxınlığında – SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında 90 SR 544 dövlət nömrə nişanlı “Mercedes Sprinter” markalı mikroavtobus sərxoş halda yolu keçməyə çalışan kişini vurub. Zərbədən piyada yolun hərəkət hissəsinin digər zolağına yıxılıb və bu zaman arxadan gələn və 24 yaşlı Əhədin sürdüyü “Porsche” onun üstündən keçib. Piyada hadisə yerindəcə keçinib. Hazırda onun şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır.
Lent.az-ın əldə etdiyi digər məlumata görə, “Porsche”ni idarə edən 24 yaşlı Əhəd Kərimov BDYPİ-nin İstintaq şöbəsinin keçmiş rəisi, hazırda Şirvan şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Hikmət Kərimovun oğludur.
Qeyd edək ki, ilkin məlumatlarda ölümlə nəticələnən qəzaya səbəb olan sürücünün Türkiyə vətəndaşı olduğu bildirilirdi.