Bu ilin yanvar-iyun aylarında Azərbaycanın bəzi rayon və şəhərlərində illik inflyasiya 20%-i keçib. İstehlak məhsulları və xidmətlərin qiymət artımı Xaçmaz rayonunda 26,2%, Saatlı rayonunda 24,6%, Lənkəran şəhərində 21,0%, Qəbələ rayonunda 20,9%, Şəmkir, Daşkəsən rayonlarında 20,5% və İmişli rayonunda 20,0%, təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsindən Qaziler.az-a verilən məlumatda bildirilib.Ərzaq məhsulları, içki və tütün qiymətlərində ən çox illik artım Qəbələ rayonu (31,5%), Xaçmaz rayonu(34,0%), Ağcabədi rayonu(31,0%), İmişli rayonu(35,2%), Saatlı rayonunda(32%) baş verib.
Statistikaya əsasən cari ilin iyun ayında rayon və şəhərlərdən yalnız Şamaxı rayonunda aylıq inflyasiya (0,1%) qeydə alınıb. Digər rayonlarda isə deflyasiya müşahidə olunub.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,9%, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,1%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,4%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,4% artıb.
Cari ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətləri 1,0%, o cümlədən ərzaq məhsulları 2,5% ucuzlaşıb, qeyri-ərzaq məhsulları və əhaliyə göstərilən ödənişli xidmətləri isə 0,1% bahalaşıb.