Bakı Nəqliyyat Agentliyi paytaxtın nəqliyyat sisteminin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən "Sovetski" layihəsi çərçivəsində salınan yeni yollarda nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin etmək məqsədilə zəruri tədbirləri davam etdirir.
Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri beynəlxalq məsləhətçi şirkət "GEMMS Group"un əməkdaşları ilə birgə ərazidə rahat, təhlükəsiz və maneəsiz hərəkəti şərtləndirən bütün məqamlarla bağlı müfəssəl təhlillər aparıb. Hazırda layihə çərçivəsində aparılan nişanlanma və yol-cizgi xətlərinin çəkilməsi də məhz bu təhlillərin nəticəsinə uyğun olaraq icra edilir.
QAZİLƏR.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
Bildirilib ki, nişanlanma və yol-cizgi xətləri şəhərimizin inkişaf edən simasına uyğun olaraq daha müasir tərtibatda həyata keçirilir. Belə ki, paytaxtın digər küçə və prospektlərindən fərqli olaraq burada işıqforlarla nizamlanan piyada keçidləri qanunvericiliyin tələblərinə uyğun olaraq qırıq xətlərlə işarələnib. Piyadaların yolun hərəkət hissəsində diqqətli olmaları üçün yerə xəbərdaredici məlumatlar yazılacaq.
"Sovetski" layihəsi çərçivəsində salınan yeni yollarda fiziki imkanları məhdud və uşaq arabası ilə olan şəxslərin də rahat hərəkət etməsi mümkün olacaq. Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə səkilərdə müasir tərtibatda panduslar qoyulacaq. Analoji pandusların yaxın vaxtlarda paytaxtın digər küçə və prospektlərində də qoyulmasına başlanılacaq.
Qeyd edək ki, "Sovetski" layihəsi çərçivəsində salınan yeni yollarda ümumilikdə 18 ədəd eynisəviyyəli piyada keçidlərinin təşkil edilməsi nəzərdə tutulub. Bunlardan 5 ədədi nizamlanmayan, 13 ədədi isə işıqforla nizamlanan piyada keçidi olacaq. Nizamlanmayan piyada keçidlərində də piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə sarı sayrışan işıqlar yerləşdiriləcək.
Eyni zamanda, layihə çərçivəsində qeyd edilən yollarda 8 ədəd avtobus dayanacaq məntəqəsi təşkil edilib. "Cib" tipli dayanacaq məntəqələrinə avtobusların rahat giriş-çıxışının təmin edilməsi məqsədilə normalara uyğun şəkildə inşa edilib.