Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə "2017 Formula 1 Azərbaycan Qran-prisi" ilə əlaqədar olaraq bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
MBNP-dən "APA-Economics"ə verilən məlumata görə, Azərbaycanda ikinci dəfə keçirilən yarışları izləmək üçün Bakıya gələn çoxsaylı əcnəbi qonaqların və şəhərimizin sakinlərinin valyuta mübadiləsi xidmətlərinə rahat çıxışını təmin etmək məqsədilə Bakı Şəhər Halqası ətrafında və istirahət məkanlarının yaxınlığında yerləşən 24 bankın 67 filial və şöbəsi gücləndirilmiş iş rejimində xidmət göstərir.Yarışlarla əlaqədar olaraq, həmçinin MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərir. Yarana biləcək hər hansı problemlə bağlı ölkə vətəndaşları və turistlər MBNP-yə müraciət edə bilərlər.
Yarışlar zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələri MBNP-nin rəsmi internet səhifəsində yerləşdirilib.
Ötən gün Palatanın yaydığı məlumatda qeyd edilib ki, Bakı Şəhər Halqası ətrafında və istirahət məkanlarının yaxınlığında yerləşən 24 bankın 60 filial və şöbəsi 23-25 iyun tarixlərində gücləndirilmiş iş rejimində xidmət göstərəcək.