Zakir Həsənov ordumuzun şəxsi heyyətini, qaziləri, veteranları təbrik etdi

Zakir Həsənov ordumuzun şəxsi heyyətini, qaziləri, veteranları təbrik etdi backend

QAZİLER.AZ saytı xəbər verir ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini 26 iyun - Silahlı Qüvvələr Günü və Ramazan bayramı münasibətilə təbrik edib:

Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər və matroslar!
Sizi 26 iyun - Silahlı Qüvvələr Günü və müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

İnsanlara mənəvi paklıq, təmizlik, mərhəmət, halallıq kimi ən yüksək əxlaqi hisslər aşılayan Ramazan bayramının yüksək səviyyədə qeyd olunması xalqımızın milli-mənəvi dəyərlərə verdiyi böyük dəyərin bariz nümunəsidir.

Silahlı Qüvvələrimiz 99-cu ildönümünü böyük ruh yüksəkliyi ilə, döyüş və mənəvi-psixoloji hazırlıqda qazandığı nailiyyətlərlə qeyd edir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində də apardığı siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.
Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycanın əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə də cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir.

İstənilən iqlim şəraitində keçirilən genişmiqyaslı taktiki təlimlərdə şəxsi heyət öz peşəkarlığını, yüksək döyüş qabiliyyətini nümayiş etdirir, Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirir. Xalq öz ordusuna inanır, gücünə güvənir. Şəhid ailələri, müharibə veteran və əlilləri, eləcə də hər bir hərbi qulluqçu ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunub. İnanıram ki, bu sizi sevindirməklə yanaşı, məsuliyyətinizi daha da artırır.

Ordumuz əvvəllər olduğu kimi 2016-cı ilin aprel ayında da düşmən təxribatlarının qarşısını layiqincə aldı. Azərbaycan əsgəri doğma torpaqlarını azad etməyə qadir olduğunu, Vətən uğrunda son damla qanınadək vuruşmağı bacardığını və düşməndən üstün olduğunu bütün dünyaya sübut etdi.

Bu əziz gündə şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlıqlarını itirən döyüşçülərimizi, veteranları bayram münasibətilə təbrik edir, onlara cansağlığı, xoşbəxtlik, ailə səadəti və uğurlar arzulayıram.

Əmin olduğumu bildirirəm ki, Azərbaycan Ordusunun şəxsi heyəti bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq, hərbi intizamını artıracaq, döyüş və mənəvi-psixoloji hazırlığını yüksəldəcək, qazandığı uğur və nailiyyətlərlə xalqımızı sevindirəcək və tezliklə işğal altında olan əzəli və əbədi torpaqlarımızın azad edilməsinə nail olacaqdır.

Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram.

Azərbaycan Respublikasının Müdafiə naziri
general-polkovnik Zakir Həsənov
Diaspora