İqtisadiyyat və Sənaye Nazirliyindən Qaziler.az-a verilən xəbərə görə, aprelin 25-26-da Bakı Biznes Tədris Mərkəzində “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində sahibkar və gənc menecerlər üçün seminar keçirilmişdir.
İxtisasartırma kurslarının səmərəliliyinin qiymətləndirilməsinə həsr edilmiş tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin, Almaniya Sənaye və Ticarət Palatasının, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və müvafiq tədris mərkəzlərinin nümayəndələri, eləcə də 2014-cü ildə Almaniyada “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kursları keçmiş 40-dan çox sahibkar və gənc menecerlər iştirak etmişdir.Seminarda çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov, Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, ASK-nın şöbə müdiri Elnur Ələkbərov, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndəsi Wolfgang Moessinger, Almaniya Sənaye və Ticarət Palatasının Azərbaycan üzrə nümayəndəsi Florian Schroeder, GİZ-in layihələr üzrə rəhbəri Ronald Şults və Azərbaycan nümayəndəliyinin rəhbəri Henning Twesten, eləcə də Almaniyanın tədris mərkəzlərinin nümayəndələri “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” və ixtisasartırma kurslarının uğurlu nəticələri barədə məlumat vermişlər. Qeyd edilmişdir ki, proqramın icra olunduğu 6 il ərzində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 240 sahibkar və gənc menecer Almaniyanın Karl Dyusberq, Baden-Vüttenberq və digər tədris mərkəzlərində təlim keçmiş, Berlin, Bonn və s. şəhərlərindəki müəssisələrdə qabaqcıl təcrübə ilə tanış olmuş, Almaniya şirkətləri ilə işgüzar əlaqələr yaratmışlar.
Tədbirdə ixtisasartırma kursunda iştirak etmiş menecerlər təqdimatla çıxış etmiş, Proqram çərçivəsində Almaniyanın müvafiq şirkətləri ilə yaradılmış işgüzar əlaqələr və imzalanmış biznes müqavilələri barədə iştirakçılara məlumat vermişlər.
Bununla yanaşı, 2015-ci ilin iyunun 14-dən iyulun 11-dək Almaniyanın Qamburq şəhərində yerləşən “İdarəetmə Akademiyası” Tədris Mərkəzində və müvafiq tibb müəssisələrində “Səhiyyədə iqtisadi kooperasiya” üzrə tədris və təcrübə keçəcək 20 sahibkar və menecerlər üçün aprelin 25-26-da hazırlıq seminarı keçirilmişdir.
2 gün davam edən tədbirdə iqtisadi kooperasiya, Almaniyanın tibb müəssisələri ilə işgüzar əlaqələrin qurulması və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.
Bundan əlavə, aprelin 26-da “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın 60-dan çox iştirakçısı üçün “Müəssisələrin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi və yenidən qurulması metodologiyası” mövzusunda treninq keçirilmişdir.
Almaniyalı beynəlxalq ekspert Fred Lyudolf tərəfindən keçirilən treninqdə iştirakçılara müasir şəraitdə müəssisələrin səmərəli fəaliyyətinin təşkili, kadrların peşəkarlıq səviyyəsinin artırılması, məhsul və xidmətlərin rəqabətqabiliyyətinin yüksəldilməsi və s. barədə ətraflı məlumatlar verilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Seminarlar çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanmışdır.