Azərbaycanda çoxmənzilli binaların idarə edilməsi ilə bağlı qaydalar müəyyənləşdirilir.
QAZİLƏR.AZ APA-ya istinadən bildirir ki, Azərbaycan prezidentinin təşəbbüsü ilə Mənzil Məcəlləsinə yeni 141-1 (Çoxmənzilli binanın idarə edilməsi qaydası) maddəsinin əlavə edilməsi təklif edilir.
Yeni maddəyə görə, Məcəllənin 141.2-ci maddəsində nəzərdə tutulmuş idarəetmə üsulundan asılı olmayaraq çoxmənzilli binanın idarə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Bu məcəllənin 142-ci maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi müqaviləsi bu məcəllənin 141-1.1 maddəsində göstərilən qaydada nəzərdə tutulmuş bütün müddəaları (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklər nəzərə alınmaqla) əks etdirməklə bağlanmalıdır.
Bu məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydanı pozmaqla, çoxmənzilli binanın idarə edilməsi, habelə həmin qaydanın müddəalarının (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklərin) çoxmənzilli binanın idarə edilməsi müqaviləsində əks etdirilməməsi qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Bundan başqa qanun bir sıra maddələrinə yeni maddədən irəli gələn zəruri dəyişikliklər təklif olunur.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və iyunun 13-də müzakirəyə çıxarılacaq.