Güclü yağışlar şimal bölgəsində gilas bağlarına ziyan vurdu

Güclü yağışlar şimal bölgəsində gilas bağlarına ziyan vurdu backend

Şimal bölgəsinə yağan güclü yağış və dolu meyvə bağlarına ciddi ziyan vurub. Quba, Xaçmaz və Şabran rayonlarının bir sıra kəndlərində gilas bağları məhv olub.


Şabran rayonunun Pirəmsən kəndində yaşayan fermerlər deyirlər ki, intensiv yağışların yağması mövsümi meyvələrin çürüməsinə səbəb olub. Həm də fermerlər əsas gəliri mövsümün əvvəlində satılan gilasdan götürdüklərindən bu onların qazancını tamamilə azaldıb.

“Fermerlər əsas qazancı gilas mövsümünün əvvəlində olan satışdan götürür. Bizdən nübar meyvəni növündən asılı olaraq yerində kiloqramı 2-3 manata alırlar. Sonra onsuz da qiymət ucuzlaşır, qəpik-quruşa düşür. Bu çürümə fermerlərə çox ciddi ziyan vurub. Hektarlarla bağlı olan fermerlər var ki, bütün illik qazancları elə bu meyvədən olur. Yağışlar belə davam eləsə, bu il gilasdan ümumiyyətlə, gəlir əldə etmək mümkün olmayacaq”, - deyə fermer Əsgər Məmmədov deyir.

Fermerlər deyirlər ki, bu il gilas bol olsa da, üzərinə yağış düşdüyündən çatlayıb və çürüyərək yerə tökülüb. Yağışlar həm ağ, həm də qara gilas növlərini bərbad hala salıb. Məhsulun keyfiyyəti aşağı düşdüyündən bu meyvəbni bazara çıxarmaq mümkün deyil.

“Bu meyvəni satmaq üçün gərək bir gün qabaqcadan ağacdan dərəsən. Nöqtə boyda zədəsi olan meyvə də səhərə qalmır, bir neçə saatdan sonra çürüyür. Onu kimə sataq? Ağacdan yığılan bir yeşik gilasdan heç bir vedrə sağlam gilas seçmək mümkün olmur”, - deyə fermerlər bildirirlər.
Diaspora