Azərbaycan və Macarıstan arasında Birgə Komissiyanın iclası keçirilmişdir

Azərbaycan və Macarıstan arasında Birgə Komissiyanın  iclası keçirilmişdir backend

Aprelin 22-də Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 5-ci iclası keçirilmişdir.

İclasında iştirak etmək məqsədilə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmilərdən və iş adamlarından ibarət nümayəndə heyəti Macarıstanda səfərdədir.
Macarıstan tərəfindən isə Birgə Komissiyaya bu ölkənin xarici işlər və ticarət naziri Piter Siyarto rəhbərlik edir.

Komissiyanın iclasında çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Macarıstan arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verdiyini vurğulamışdır. Bildirilmişdir ki, ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir və bu barədə 2014-cü ildə bəyannamə qəbul edilmişdir. Ümumilikdə, indiyədək iki ölkə arasında 40-a yaxın sənəd imzalanmışdır. Bununla belə, müqavilə-hüquqi bazanın genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Artıq beynəlxalq yükdaşımalar, avtomobil nəqliyyatı, elm və texnologiya, ətraf mühitin mühafizəsi, arxiv işi, səhiyyə, televiziya və radio yayımı sahəsində sənədlər müzakirə mərhələsindədir. Bakıda fəaliyyət göstərən Macarıstan Ticarət Evi, 2005-2014-cü illərdə Bakıda və Budapeştdə iş adamlarının iştirakı ilə keçirilmiş 10-dan çox biznes forum və digər tədbirlər iqtisadi-ticarət əlaqələrimizin genişlənməsində əhəmiyyətli rol oynayır.

Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclasından ötən dövrdə görülmüş işlərlə bağlı məlumat verən Şahin Mustafayev bildirmişdir ki, kənd təsərrüfatı, energetika, su təsərrüfatı, tikinti, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, turizm, gənclər və idman sahələrində əlaqələr daha da genişlənmişdir. 2014-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 2,9 dəfə artmışdır. Bununla yanaşı, Azərbaycan-Macarıstan investisiya əməkdaşlığı genişlənir.

Azərbaycan şirkətləri tərəfindən Macarıstana kənd təsərrüfatı emalı məhsulları ixrac olunur. Macarıstandan isə Azərbaycana cins mal-qara gətirilir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrinin siyahısına Macarıstanın 12 universiteti daxil edilmişdir. Əldə olunmuş razılaşmaya əsasən, Macarıstan tərəfi hər il Azərbaycana 200 təqaüd ayırmaq niyyətindədir.

2014-cü ildə Heydər Əliyev Fondu tərəfindən Budapeştdə görmə qabiliyyəti zəif olan yeniyetmələr üçün yataqxana binasının tikintisinə başlanması humanitar sahədə əməkdaşlığa gözəl nümunədir. Bundan başqa, ötən il Macarıstanda “Azərbaycanın turizm günləri”, bu ilin fevralında isə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Macarıstanda Bakıda keçiriləcək I Avropa Oyunlarının təqdimatı keçirilib.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Bakı-Budapeşt marşrutu üzrə birbaşa aviauçuşlar bərpa edilib. Yaxın vaxtlarda Macarıstanın “WİZZ Air” aviaşirkəti tərəfindən Bakı-Budapeşt marşrutu üzrə aviauçuşların həyata keçirilməsinə başlanılacaq.

İclasda qeyd edilmişdir ki, bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün geniş potensial mövcuddur. Kənd təsərrüfatı və ərzaq, eləcə də neft-qaz məhsullarının ixracı, Azərbaycanda yaradılan sənaye parkları və aqroparklara investisiya qoyuluşu, Sumqayıt Kimya Sənaye Parkı ilə əməkdaşlıq, birgə müəssisələrin yaradılması, tranzit yükdaşımaları sahəsində əlaqələrin inkişafı üçün geniş imkanlar var. Yarmarka, sərgi və təqdimatların təşkili iş adamları arasında əlaqalərin genişlənməsində əhəmiyyətli ola bilər.

Macarıstanın xarici işlər və ticarət naziri, Birgə Komissiyanın həmsədri Piter Siyarto Azərbaycanın davamlı iqtisadi inkişafının, beynəlxalq nüfuzunun artmasının Macarıstanda böyük məmnunluqla qarşılandığını qeyd etmişdir. Bildirilmişdir ki, Macarıstan Azərbaycanla əlaqələrə böyük önəm verir və ölkəmizlə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır. Hazırda Macarıstan və Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində uğurla əməkdaşlıq edir. Piter Siyarto humanitar sahədə Heydər Əliyev Fondu tərəfindən Budapeştdə həyata keçirilən layihəyə görə Azərbaycan tərəfinə minnətdarlıq etmişdir. Macarıstanın xarici işlər və ticarət naziri iqtisadiyyatın bir sıra sahələrində əlaqələrin genişləndirilməsi üçün perspektivlərin olduğunu diqqətə çatdırmış, Macarıstan və Azərbaycan arasında imzalanmış strateji əməkdaşlıq haqqında bəyannamənin bütün sahələrdə qarşılıqlı münasibətləri daha yüksək səviyyəyə qaldırmaq baxımından geniş imkanlar açdığını vurğulamışdır.

İclasda ölkələrimiz arasında əməkdaşlığın, iş adamları arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətlərinə dair müzakirələr aparılmışdır.
Sonda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 5-ci iclasının yekunlarına dair Protokol imzalanmışdır. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto imzalamışlar. Sənədə əsasən, iki ölkə arasında ticarət-iqtisadi, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, turizm, ətraf mühitin mühafizəsi, su təsərrüfatı, İKT, mədəniyyət, gənclər və idman, elm və s. sahələrdə əməkdaşlığın davam etdirilməsi, daha da genişləndirilməsi nəzərdə tutulur.

Macarıstana səfər çərçivəsində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Macarıstanın xarici işlər və ticarət naziri, Birgə Komissiyanın həmsədri Piter Siyarto və milli iqtisadiyyat naziri Mihal Varqa ilə görüşmüşdür. Görüşlərdə bir sıra sahələrdə, o cümlədən su təchizatı, kənd təsərrüfatı, turizm, təhsil sahələrində əməkdaşlığın genişləndirildiyi bildirilmiş, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafı perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.


Diaspora