Liviyanın gündəlik neft hasilatı 2014-cü ilin dekabr ayından bu günədək maksimal həddə çatıb və 760 min barel təşkil edib. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu məlumat Liviya Milli Neft Korporasiyası tərəfindən yayılıb.
Korporasiyanın rəhbəri Mustafa Sanallanın sözlərinə görə, şirkət gələcəkdə də hasilatı artırmağı planlaşdırır. Qeyd edək ki, daha əvvəl Sanalla Liviyanın gündəlik neft hasialtını bu ilin avqust ayına qədər hədəf olaraq 1,1 mln. barelə çatdıracağını açıqlayıb. Treyderlər hasilatın artmasını "Şarar" yatağının fəaliyyətini bərpa etməsi ilə əlaqələndirirlər.Xatırladaq ki, son 2 ayda gündəlik hasilat 330 min barel olan bu yataqda istehsalat 2 dəfə dayandırılıb. Həmçinin, əldə olunan məlumata görə, gündəlik hasilat həcmi 80 min barel olan "Əl-Fil" yatağı da fəaliyyətini bərpa edib.
Qeyd edək ki, Liviya neft ölkələrinin hasilatın azaldılması ilə bağlı Vyana anlaşmasında iştirak etmir. Bu ölkə neft hasilatını 2011-ci ilin səviyyəsi - 1,6 mln. barel/gün həddinə çatdırmağa çalışır.