UNEC xarici ticarətə kadr dəstəyi verəcək- FOTOLAR

UNEC xarici ticarətə kadr dəstəyi verəcək- FOTOLAR backend

UNEC-in Elmi Şurasının növbəti iclası keçirilib. QAZİLER.AZ-ın məlumatına görə, Elm və İnnovasiya Mərkəzinin direktoru, professor Sakit Yaqubov UNEC-in 2016-cı tədris ili üzrə elmi fəaliyyəti barədə məruzə edib. Bildirib ki, UNEC alimləri hesabat dövründə dünya xidmətlər bazarının öyrənilməsinin nəzəri-metodoloji bazasını araşdırıb, beynəlxalq ticarətdə xidmətlərin müxtəlif təsnifat sistemlərini müqayisə ediblər.

Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova UNEC-də tələbələrlə aparılan işlər haqqında məlumat verib. Tələbə təşkilatlarının fəaliyyətindən, UNEC tələbələrinin təşəbbüsü ilə həyata keçirilən uğurlu layihələrdən, bilik yarışlarından bəhs edib.

Rektor, professor Ədalət Muradov tələbələrin elmi fəaliyyəti və sosiallaşması istiqamətində səylərin artırılmasının önəmini vurğulayıb. Tələbələrin stimullaşdırılması məqsədilə elmi fəaliyyəti ilə fərqlənənlərin yekun dövlət attestasiyasından azad ediləcəyini bildirib. Bu qaydalar elmi fəaliyyətin populyarlaşdırılmasına yönələn “I UNEC Science Slam” müsabiqəsinin qaliblərinə də şamil ediləcək. Yeni tədris ilindən etibarən UNEC-də kurs işləri də ləğv olunacaq.
Şurada Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsindən irəli gələn məsələlərə diqqət çəkilərək bildirilib ki, ölkə başçısının qarşımıza qoyduğu hədəflərə və ixracyönümlü müəssisələrin sahibkarlarına universitet səviyyəsində dəstək göstərilməsi üçün yeni ixtisasların yaradılması zərurəti ortaya çıxıb. Bu məqsədlə UNEC-də Beynəlxalq ticarət və logistika ixtisasının açılmasına qərar verildiyi vurğulanıb.

UNEC-də “Digital Marketinq Mərkəzi”nin də fəaliyyətə başlayacağı bildirilib. İxracatçılara dəstək məqsədi ilə yaradılan mərkəz ölkənin digital marketinq bazarı barədə dövru hesabatlar hazırlayacaq, xarici bazarları araşdıracaq və sifarişlər əsasında diaqnostikalar aparacaq. Eyni zamanda, “İxracatçılara Dəstək Mərkəzi”nin yaradılmasına dair qərar verilib.

Yeni tədris ilindən UNEC-ə qəbul həm DİM-in keçirdiyi qəbul imtahanları, həm də beynəlxalq SAT imtahanı əsasında aparılacaq.

UNEC-də Multikulturalizm Mərkəzi yaradılacaq. Mərkəzdə UNEC professorları və tələbələri bir araya gələrək, milli-mənəvi dəyərlərimizin öyrənilməsi, təşviq edilməsi istiqamətində faydalı layihələr həyata keçirəcəklər.

Elmi Şurada həmçinin keyfiyyətin idarəetmə sistemi haqqında qaydalar, metodiki vəsaitlərin antiplagiat proqramından keçirilməsi, o cümlədən Beynəlxalq Əməkdaşlıq Departamentinin yeni strukturu və əsasnaməsi təsdiqlənib.

Departamentə mayın sonuna qədər Moskva və Kiyev şəhərlərində UNEC-in ofislərinin açılması barədə tapşırıq verilib. UNEC ofislərin yaradılmasında məqsəd bu ölkədə yaşayan həmvətənlərimizin övladlarına İqtisad Universitetində təhsil almağı daha da əlçatan etməkdir.

UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.
Diaspora