Təbrizin “Traktorsazi” futbol komandası aprelin 14-dəki daşqından əziyyət çəkən şəxslərə jest edib.
Axar.az xəbər verir ki, öz İnstaqram səhifəsində klubun icraçı direktoru Mustafa Acerlu informasiya yayaraq, cümə axşamı Təbrizdə oynanılacaq “Traktorsazi” – “İstiqlal” oyunundan əldə olunan gəlirlərin sel və daşqından xəsarət alan şəxslərə veriləcəyini bildirib. Acerlu bununla əlaqədar olaraq bütün “Traktorsazi” tərəfdarlarını stadiona səsləyib.O, yayımladığı mesajda aprelin 14-də baş verən daşqınlar zamanı insan tələfatından dərin hüzn keçirdiyini bildirib və həyatını itirənlərin ailələrinə başsağlığı verib:
“Ümid edirəm ki, bu yardım az da olsa onların ürəklərində istilik yarada biləcək”.
Qeyd edək ki, Şərqi və Qərbi Azərbaycan vilayətlərində baş verən daşqınlar nəticəsində ümumilikdə 49 nəfər dünyasını dəyişib. Şərqi Azərbaycan birgünlük matəm elan etsə də, İran rəsmiləri başsağlığı verməklə kifayətləniblər.