Azərbaycan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tamamilə aktivləşdirilməsi məqsədilə İran Astarasında dəmir yolu obyektlərinin inşasına 60 milyon avro sərmayə yatırmağı planlaşdırır.
Bunu Trend-ə açıqlamasında "İran Dəmir Yolları"nın Planlaşdırma və investisiya şöbəsinin rəis müavini Nurulla Beyranvənd deyib.Onun sözlərinə görə, bu məbləğin təxminən yarısı Astarayadək (İran) 1,4 km-lik dəmir yolu hissəsinin, eləcə də dəmir yolu stansiyasının binasının tikintisinə ayrılacaq:
"Digər vəsaitlər isə yanacaq, yük, taxıl və konteyner terminallarının inşasına yönəldiləcək. İran Astarasında dəmir yolu obyektlərinin yaradılması layihəsinin başa çatmasından sonra dəhlizin malların daşınması üzrə illik buraxılış qabiliyyətinin iki milyon ton artacağı gözlənilir".
N.Beyranvənd qeyd edib ki, Azərbaycan tərəfi layihənin investisiya risklərinin qarşılanması üzrə öhdəlik götürüb.
"Şimal-Cənub" çərçivəsində İran və Azərbaycan dəmir yollarının birləşdirilməsi planından danışan N.Beyranvənd Rəşt-Astara dəmir yolu məntəqəsini (İran daxilində) dəhlizin çatışmayan hissəsi adlandırıb:
"Eyni zamanda, Qəzvin-Rəşt dəmir yolu sahəsi, demək olar, başa çatıb. Bu məntəqənin növbəti 6 ay ərzində istismara veriləcəyi gözlənilir. Lakin tərəflərə, əvvəlki kimi, Rəşt və Astara şəhərlərini birləşdirən 164 km-lik dəmir yolu məntəqəsinin tikintisi layihəsinin maliyyələşdirilməsi üzrə danışıqları yekunlaşdırmaq lazımdır".
Rəşt-Astara məntəqəsinin tikintisi ilə bağlı çətinliklərdən danışarkən "İran Dəmir Yolları"nın rəsmisi deyib ki, dəmir yolunun çəkilişinin planlaşdırıldığı ərazi bahadır:
"Tehran və Bakı arasında əldə olunmuş sonuncu razılaşmaya əsasən, İran həmin ərazini almalı, Azərbaycan isə dəyəri 500 milyon dollar olan dəmir yolu məntəqəsinin inşasını maliyyələşdirməlidir. Mənim proqnozlarıma görə, maliyyələşdirmə haqqında sənəd gələn ay ərzində imzalanacaq, bu məntəqənin tikintisi isə 2018-ci ilin martına yekunlaşacaq".
Onun sözlərinə görə, İran və Azərbaycan Dəmir yolları arasında strateji əməkdaşlığın əsas məqsədi "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin aktivləşdirilməsidir:
"Eyni zamanda, dəhliz Hindistan mallarının Avropaya nəqli üçün ən qısa marşrut baxımından mühüm əhəmiyyət daşıyacaq. Belə ki, logistik xərcləri 40 faizdən çox azaltmağa, vaxta isə 2 dəfə qənaət etməyə imkan verəcək".
Qeyd edək ki, "Şimal-Cənub" nəqliyyat dəhlizi Şimali Avropa ilə Hindistan və Cənub-Şərqi Asiyanı birləşdirməyi nəzərdə tutur. O, həmçinin İran, Azərbaycan və Rusiya dəmir yollarının birləşdirilməsi üçün bağlayıcı bənd olacaq.
İlk mərhələdə "Şimal-Cənub" dəhlizi üzrə ildə 6 milyon, gələcəkdə isə 15-20 milyon ton yük nəql etmək planlaşdırılır.