İran Azərbaycandan və Türkmənistandan Avropaya qaz nəql edə bilər. Trend IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Milli Qaz Şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Əzizullah Ramazani bəyan edib.
O, qeyd edib: "Təklifimiz İranın Türkmənistam və Azərbaycan qazını alıb sonradan onu Türkiyə vasitəsilə Avropaya ixrac etməkdən ibarətdir. Çünki belə marşrut qazın Avropaya ötürülməsi üçün daha sərfəlidir”.Ə.Ramazaninin sözlərinə görə, siyasi əngəllər aradan qaldırıldıqdan sonra layihə üçün müvafiq infrastrukturun hazırlanmasına başlamaq olar.
O, əlavə edib ki, Türkmənistan qazının Xəzər dənizinin dibi ilə sualtı boru kəməri ilə Azərbaycan vasitəsilə ixracı üzrə hazırkı plan bahalı və əlverişsiz olacaq.
Direktor qeyd edib ki, Avropa ölkələri siyasi motivlərlə əlaqədar İran qazını idxal etmək istəmirlər, amma Avropa parlamentləri artıq bu məsələni müzakirə edirlər.