Tbilisidə I Qafqaz Beynəlxalq Süd Sənayesi Konqresi keçirilib

Tbilisidə I Qafqaz Beynəlxalq Süd Sənayesi Konqresi keçirilib backend

Tbilisidə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (ƏKTT) və Ukraynanın Süd İstehsalçıları Birliyinin (USİB) birgə təşkilatçılığı ilə I Qafqaz Beynəlxalq Süd Sənayesi Konqresi keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə Gürcüstan, Ukrayna, Şərqi Avropa və Mərkəzi Asiyanın digər ölkələrindən dövlət və hökumət üzvləri, özəl süd təsərrüfatlarının, emal müəssisələrinin rəhbərləri, iş adamları, beynəlxalq təşkilatlarının nümayəndələri iştirak ediblər.

Konqresdə AYİB regional direktoru Bruno Balvanera, Gürcüstanın kənd təsərrüfatı naziri Levan Davitaşvili, BMT-nin FAO təşkilatının nümayəndəsi Reymund Yele və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən, dünyada süd və ət məhsullarına olan tələbatın artmasından bəhs edib, ərqaz təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər və nəzərdə tutulan layihələr barədə danışıblar.

Sonra konqresdə sağmal qaramalın yetişdirilməsinə dair müasir texnoloji və işgüzar yanaşmalar müzakirə olunub, regionun süd istehsalçıları və fermerlərin təcrübəsi öyrənilib. ƏKTT və AYİB-nin “Müvafiq bazanın yaradılması yolu ilə Gürcüstanın süd sənayesində ərzaq təhlükəsizliyinin təkmilləşdirilməsi” adlı birgə layihəsinin əsas nəticələri və özəl süd istehsalı müəssisələrinin gələcək inkişafına dair tövsiyələr təqdim olunub.
Konqresin ikinci günündə, martın 15-də iştirakçılar Gürcüstanda qabaqcıl texnologiyaların artıq uğurla tətbiq edildiyi özəl süd fermalarına baş çəkəcəklər.
Çıxışlarda qeyd olunub ki, Qafqaz Beynəlxalq Süd Sənayesi Konqresi regionda müasir süd sənayesinin inkişafında maraqlı olan fermerlər və süd sənayesinin digər subyektləri arasında bilik və texnologiya mübadiləsi üçün bir platforma yaradacaq.
Gürcüstan Süd İstehsalçıları Assosiasiyasının rəhbəri Kaxaber Koniaşvili jurnalistlərə deyib ki, bu gün Gürcüstanda süd və süd məhsullarına olan tələbatını ödəmək üçün mühüm işlər görülür: "Heyvandarlıq və südçülük sənayesinin inkişaf ilə bağlı fermerlərə güzəştli kreditlər verilir. Gürcüstanın müxtəlif bölgələrində yaşayan azərbaycanlı fermerlər və iş adamları ölkənin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində böyük işlər görürlər. Bu konqresdə də azərbaycanlı fermerlərin təcrübəsindən danışıldı. Çalışırıq ki, fermerlərin, eləcə də azərbaycanlı iş adamlarının qarşılaşdıqları problemləri vaxtında həll edək".
Onun sözlərinə görə, bəzi banklar və kredit təşkilatları ət və süd istehsalına sərmayə qoymağa ehtiyat edirlər: "Bu sahə uzunmüddətli kreditləşmə tələb edir. Lakin biz çalışırıq ki, investisiya problemləri olmasın və süd məhsullarına olan tələbatımızı özümüz ödəyək".
Diaspora