Bu ilin yanvar-fevral aylarında Azərbaycanda sənaye sahəsində 6,5 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7% az sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5% artıb, neft sektorunda isə 5,1% azalıb.Sənaye məhsulunun 71,8%-i mədənçıxarma sektorunda, 22,5%-i emal sektorunda, 5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 7,3% azalıb, əmtəəlik qaz hasilatı isə 5,3% artıb.
Emal sektorunda qida məhsullarının istehsalı 1%, içkilərin istehsalı 59,8%, toxuculuq sənayesi məhsullarının istehsalı 2,6 dəfə, geyim istehsalı 48,5%, ağacın emalı və ağacdan məmulatların istehsalı 46,7%, kağız və karton istehsalı 4,6%, əczaçılıq məhsullarının istehsalı 58,9%, rezin və plastik kütlə məmulatlarının istehsalı 82,3%, tikinti materiallarının istehsalı 71,2%, metallurgiya sənayesi məhsullarının istehsalı 23%, kompüter və elektron məhsulların istehsalı 82,8%, elektrik avadanlıqlarının istehsalı 3,4 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 25,6%, mebel istehsalı 73,2% artıb, tütün məmulatlarının istehsalı 63,5%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 36,2%, poliqrafiya məhsullarının istehsalı 66,1%, neft məhsullarının istehsalı 6,1%, kimya sənayesi məhsullarının istehsalı 6,7%, hazır metal məmulatlarının istehsalı 11,0%, maşın və avadanlıqların istehsalı 66,2%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 53,7% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,3 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,3% azalıb.