Tezliklə dünya bazarında neftin qiymətinin Çin və ABŞ-dan gələn xəbərlərlə əlaqəli 50 dollar/barelə kimi geriləyəcəyi gözlənilir.
"Report" xəbər verir ki, Çin hökumətinin 2017-ci il üçün iqtisadi artım proqnozunu son 27 ilin minimal həddi - 6,5%-ə qədər azaltması neftə tələbatın düşəcəyi ehtimallarını artırıb. Xatırladaq ki, 2016-cı ildə Çin iqtisadiyyatı 6,7% artım göstərib.Bununla yanaşı, ABŞ-da aktiv neftqazma quyularının sayının artaraq son 18 ayın maksimumuna çatması bu ölkədə neft hasilatının bir qədər də yüksələcəyini deməyə əsas verir. Nəticədə, "Brent" markalı neftin qiyməti azalmağa başlayıb. Belə ki, hazırda bu marka neftin qiyməti keçən həftənin cümə gününün qapanışı ilə müqayisədə 0,36% düşərək 55,5 dollar/barelə enib.
"Report"un analitik qrupu xəbər verir ki, martın 14-15-də ABŞ Federal Ehtiyat Sisteminin (FED) keçirəcəyi növbəti iclasında uçot dərəcəsini artıracağı gözlənilir:
"Bu iclas ərəfəsində neftin qiymətinin təzyiqlərlə üzləşməsi davam edəcək. İclasa qədər "Brent" markalı neftin qiyməti 50 dollar/barelə qədər gerilədikdən sonra yenidən yüksəlməyə davam edəcəyi proqnozlaşdırılır. Yay mövsümü yaxınlaşdıqca qiymət 60-65 dollar/barelə çata bilər".