Birləşmiş Ərəb Əmrliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2017” Beynəlxalq Ərzaq Sərgisi çərçivəsində Azərbaycan şirkəti İspaniyanın Valensiya şəhərinə 128 ton fındıq ixracı ilə bağlı sifariş alıb və bu sahədə danışıqlara başlanılıb.
Oxu.Az xəbər verir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AzPROMO) bildiriblər ki, sərgini ziyarət edənlər “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunan meyvə və tərəvəz məhsullarına, çay və fındığa böyük maraq göstərir.Bununla yanaşı, Səudiyyə Ərəbistanından olan iş adamları ilə yerli şirkətlər arasında görüş keçirilib, Azərbaycandan bu ölkəyə ət və ət məhsullarının ixracı ilə bağlı danışıqlar aparılıb. Danışıqların nəticəsi olaraq, birgə müəssisənin yaradılması məsələləri də müzakirə olunub.
Bundan başqa, iş adamları arasında keçirilmiş görüşlərdə Azərbaycandan Küveytə nar şirələrinin, Dubaya isə quru süd məhsullarının ixracı barədə razılıqlar əldə olunub.
Azərbaycan şirkətləri, həmçinin sərgi çərçivəsində təşkil olunmuş “Eurasia Export Briefing” tədbirində iştirak ediblər. AzPROMO-nun vitse-prezidenti Yusif Abdullayev Azərbaycan iqtisadiyyatı, ölkəmizin investisiya imkanları və ixrac potensialı, yerli məhsullarımız barədə məlumat verib. AzPROMO və Dubay Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Azərbaycan iş adamları üçün ikitərəfli görüşlər də təşkil olunub.