Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Supsa limanından (Qara dəniz, Gürcüstan) 525 382 ton xam neft ixrac edib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, bu ilin iki ayında Supsa limanından ixrac olunan xam neftin həcmi ötən ilin müvafiq ayları ilə müqayisədə 24% çoxdur.Bu ilin yanvar-fevral ayları ərzində Supsa limanından ixrac olunan xam neftin 349 272 min tonu fevral ayının payına düşüb. Bu ilin fevral ayında bu limandan ixracın həcmi isə ötən ilin müvafiq ayı ilə müqayisədə 2 dəfədən çox artıb.
Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neft göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir. Xam neft Supsa limanına Bakı-Supsa kəməri adlandırılan Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunur. Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur.