Britaniya Enerji İnstitutunun təşkilatçılığı ilə Londonda Beynəlxalq Neft Həftəsi keçirilir.
"Report" xəbər verir ki, tədbirə 50-dən çox ölkənin nümayəndələri qatılıb. Üç gün müddətində keçirilən konfrans, "dəyirmi masa" və fasilələrdə çağırışlar və imkanlar, enerji bazarında tələb-təklif, qiymət dəyişikliyi, neft-qaz ve neft-kimya alqı-satqısı məsələləri müzakirə olunur.Toplantıya qatılan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) artıq 6 ildir Beynəlxalq Neft Həftəsi çərçivəsində tədbir keçirir. SOCAR-ın tədbir təşkil etməsində əsas məqsədi Azərbaycanın beynəlxalq biznes əlaqələrinin daha da artması, beynəlxalq biznes münasibətlərinin inkişaf etdirilməsidir. Həmçinin, tədbirin məqsədi şirkətin həyata keçirdiyi işlər barədə məlumat vermək, yeni-yeni tərəfdaşlar əldə etmək olub. Tədbiri Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları və yerli diaspor nümayəndələri də ziyarət ediblər.
Qeyd edək ki, Beynəlxalq Neft Həftəsinin 1-ci günündə sənayenin gələcəyə uyğunlaşdırılması, enerji təchizatı, neft iqtisadiyyatının gələcəyi, dünya enerji tələbatının qarşılanması, Asiyanın enerji tələbatının gələcəyi, neft və qaz qiymətləri və digər məsələlər müzakirə olunub.