Azərbaycanın Ukrayna iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 2016-cı ildə təqribən 6% artıb və 200 milyon ABŞ dollarından çox olub. "Report" xəbər verir ki, bunu Ukrayna Ali Radasının Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş tədbirdə deyib.
"Son illərdə Azərbaycan və Ukrayna arasındakı əlaqələr bir çox sahələrdə inkişaf edir" - M.Kuryaçiy bildirib.O, 2016-cı ildə Azərbaycan mallarının və xidmətlərinin Ukraynaya idxal göstəricisinin 2015-ci illə müqayisədə 50% artdığını vurğulayıb.
"Əlaqələrimizin daha da inkişaf etməsində maraqlıyıq", - dostluq qrupunun rəhbəri əlavə edib.