Dünya Bankı (DB) Azərbaycan üzrə yeni fəaliyyət strategiyasının əsas istiqamətlərini müəyyən edib. Trend xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlərə bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşenko bildirib.
O, qeyd edib: "Altı il üçün nəzərdə tutulacaq Azərbaycan üzrə yeni fəaliyyət strategiyasının əsas istiqamətləri özəl sektorun inkişafı, iqtisadiyyatın enerji resurslarından asılılığının azaldılması, özəl investisiyaların cəlb edilməsi, eləcə də mövcud resursların və ehtiyatların düzgün tətbiqidir”.Onun sözlərinə görə, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi məsələsi hələ də qalır: "Son 4-5 il ərzində bu istiqamətdə fəal iş aparılır. Lakin qeyri-neft sektoru əsasən dövlət investisiyalarının hesabına inkişaf edir. Bu işə özəl investorların mümkün qədər daha fəal cəlb edilməsi lazımdır".
L.Leşenko qeyd edib ki, ölkədə özəl sektorun sürətli inkişafı müşahidə olunur: "Biznesə əngəl olan maneələri daha sürətlə aradan qaldırmaq lazımdır. Bu, gələcəkdə sektorun davamlı inkişafını təmin edəcək”.
DB-nin Azərbaycanda yeni fəaliyyət strategiyası 2015-ci ilin mayına kimi hazırlanmalıdır. Azərbaycanla əməkdaşlığın mövcud strategiyası 2011-2014-cü illər üçün nəzərdə tutulub.