Köçkünlərin yaşadığı bina hissə-hissə uçub tökülür
QAZİLER.AZ saytı xəbər verir ki, müvəqqəti məskunlaşdığı mənzilin tavanından qopan dəmir-beton parçası 82 yaşlı məcburi köçkün Ağca Hacıyevanın ayağını sındırıb.Əməkdaşımız Ağdam rayon sakini, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Xəzər” sanatoriyasında məskunlaşan A.Hacıyeva ilə görüşüb.
Yaşının bu çağında çarpayıya məhkum olması onu ağır təsir etdiyini deyən A.Hacıyeva əlaqədar təşkilatların buradakı sakinlərin həyatına etinasız yanaşıldığını söylədi.
Qeyd edək ki, doğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın bir qismi Xəzər rayonu, Buzovna qəsəbəsi, qəzalı vəziyyətdə olan “Xəzər” sanatoriyasında məskunlaşıblar. Saytımızda ötən ay bu haqda geniş yazı verilib. Köçkün soydaşlarımızın acınacaqlı vəziyyəti əlaqədar təşkilatlara və ictimaiyyətə çatdırıb. Lakin bu günə qədər heç bir tədbir görülməyib.
Bir daha xatırladaq ki, üç korpusdan ibarət olan bu sanatoriya 1964-cü ildə tikilib, istismar müddəti də çoxdan başa çatıb. Odur ki, hər üç korpusda vəziyyət acınacaqlı hal alıb. Sentyabr ayının 17-də II korpusda baş verən güclü yanğın sözügedən korpusu daha dözülməz həddə çatdırıb. Yanğın baş verən 2-ci mərtəbədə 5 ailə evsiz qaldı. Mənzillər içindəki əşyalarla, həmçinin dəhliz və köçkünlərin dəhlizlərə yığılmış ev əşyaları da yanğın zamanı yanıb kül olub.
Yanğını söndürən FHN əməkdaşları binanın qəzalı vəziyyətdə olduğunu təsdiqləsələr də, hansısa səbəbdənsə rəsmi arayışı sakinlərə göstərilməyib. Onlara binada vəziyyətin nə qədər təhlükəli olduğu haqda da bilgi verilməyib.
ƏNTİQƏ
QAZİLER.AZ