Market və bazarlarda müştərilərə, üzərində müxtəlif rayonlarda istehsal edildiyi yazılan məhsullar təqdim olunur.
Məsələn, iddia olunur ki, satılan lavaş məhz "Naxçıvan lavaşı"dır, və ya "Bərdə pendiri"dir. Bəs bundan necə əmin olmaq olar ki, istehlakçı aldadılmır və məhsulun mənşəyi düzgün göstərilib?"İsmayıllı pendiri", "Naxçıvan lavaşı", "Şəki lobyası" və s... Üzərlərində harada istehsal edildiyi və yetişdirildiyi yazılsa da, bunun dəqiq olaraq məhz həmin rayonda hazırlandığını müəyyənləşdirmək olduqca çətindir... Bu da istehlakçıların məhsulun həqiqi mənşəyi ilə bağlı məsələdə aldadılmasına yol açır. Heç kəs istisna edə bilməz ki, bu məqamda sui-istifadə hallarına yol verilir.
Məsələ ilə bağlı bir neçə bazarda çəkiliş apardıq. Müşahidələrimiz göstərdi ki, müxtəlif bazarlarda məhsulların mənşə yeri göstərilir. Bəs istehlakçılar necə inandırılır ki, məhsul göstərilən zonada istehsal edilir?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bazarda istər qablaşdırılmış, istərsə də açıq halda satılan bütün məhsulların sənədi olmalıdır. Həmin sənəd də alıcını inandırmağın əsas şərtidir
Mənşə sertifikatının olmamasına görə həm satıcılar, həm də istehsalçılar üçün cərimələr nəzərdə tutulub.
Mənşə sertifikatı almaq üçün istehsalçılar yerli icra hakimiyyəti orqanlarına, daha sonra isə standartlaşdırma, metrologiya və patent üzrə dövlət komitəsinə müraciət edib, müəyyən dövlət rüsumunu ödəməklə əldə edə bilərlər.
xəzərxəbər.az