Layihənin tam həyata keçirilməsinə 3 il vaxt sərf olunacaq.
Sosial “Neft Daşları”nda dünyada ilk külək stansiyası inşa ediləcək. Bunun üçün estakadalar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) texniki bazası hesabına qurulacaq. Sonra isə estakadalara birləşdiriləcək platformalarda külək stansiyaları qurulacaq. Estakada vasitəsilə stansiya qurulması dünya təcrübəsində yoxdur.ANS PRESS-in məlumatına görə, azərtac xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədri Akim Bədəlov jurnalistlərə müsahibəsində məlumat verib. A.Bədəlov deyib ki, layihənin dəyəri 450 milyon manat civarında hesablanıb. Layihə üç hissədən - külək stansiyalarının qurulması, estakada yolunun çəkilişi və enerjinin ötürülməsi üçün yeni şəbəkənin yaradılmasından ibarətdir.
2016-cı ildə layihənin ümumi məsələləri yekunlaşacaq. 2017-2018-ci illərdə isə tikinti işlərinə başlanılacaq və layihənin tam həyata keçirilməsinə 3 il vaxt sərf olunacaq.
Layihə ilə bağlı müvafiq qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılıb. Hazırda layihənin texniki-iqtısadi əsaslandırılması yekunlaşıb. Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi ilə razılaşdırıldıqdan sonra layihə yaxın günlərdə Nazirlər Kabinetinə təqdim olunacaq.