Beynəlxalq Bankın baş direktoru: “Cahangir Hacıyev dedi, Dünyamin nə istəsə, eləyin“

Beynəlxalq Bankın baş direktoru: “Cahangir Hacıyev dedi, Dünyamin nə istəsə, eləyin“ backend

“Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov və Rauf Əliyevin cinayət işinin detalları məlum olub.

Lent.az-ın ittiham aktına istinadən məlumatına görə, cinayət işi üzrə şahid qismində dindirilmiş Əliyev Akif Əhmədiya oğlu ifadəsində göstərib ki, 2011-ci ildən 2015-ci ilin oktyabr ayınadək Beynəlxalq Bankda baş direktor vəzifəsində işləyib: “Vəzifəm nəzarətimdə olan problemli kreditlər və pərakəndə biznes departamenti, həmçinin, bankın 6 filialına nəzarət etməkdən ibarət olub. Bankın Kredit Komitəsinin üzvü olmuşam. Həmçinin Kredit Komitəsində vəzifəm filial və departamentlərdən daxil olan müraciətləri müzakirə edib, qərar qəbul etməkdən ibarət olub. Dünyamin Xəlilovu uzun müddətdir ki, işlə əlaqədar tanımışam. Onu əsasən Cahangir Hacıyevlə ən yaxın münasibətdə olan şəxs kimi tanıyırdım”.



Bankın baş direktoru istintaqa verdiyi ifadəsində deyib ki, Cahangir Hacıyev D.Xəlilovu onlara təqdim edərək onun verdiyi lahiyələrə və yaxud şirkətlərə vəsaitin ayrılmasında köməklik göstərməyi tapşırıb: “Dünyamin Xəlilovun ayrı-ayrı fiziki və ya hüquqi şəxslərə kredit xətlərinin və yaxud akreditivlərin ayrılmasına dair müraciətləri Cahangir Hacıyevlə razılaşdırıldıqdan sonra mənim tərəfimdən filial müdirlərinə tapşırıq verilirdi. Mən nə xarici, nə də yerli lahiyələrin müzakirəsində iştirak etmişəm, Dünyamin Xəlilov özü yaratdığı şirkətlərə kreditlərin ayrılmasına dair artıq hazır sənədləri filiala təqdim etdikdən sonra mənə Cahangir Hacıyevin özündən göstəriş gəlirdi ki, icra et. Mən Dünyaminə heç bir göstəriş və ya tapşırıq verməmişəm. Ona aidiyyəti olan şirkətlər tərəfindən vəsaitlərin xərclənməsini Dünyamin özü bilirdi və bu məsələlər heç bir yerdə müzakirə olunmurdu. Mən Böyük Kredit Komitəsinin sədri olmasam da, Kredit Departamentinin müdiri işlədiyim üçün yadımdadır ki, “Səbail Mebel” ASC-yə həqiqətən iki müqavilə üzrə cəmi 9 milyon ABŞ dolları məbləğində kredit xətti açılıb, həmin kredit Dünyamin Xəlilovun təşəbbüsü ilə götürülüb. Cahangir Hacıyevin tapşırığı ilə həyata keçirilib. Mən də öz növbəmdə bu tapşırığı Səbail filialının müdirinə vermişəm. Üstündən bir müddət keçəndən sonra Dünyamin Xəlilov bildirdi ki, həmin şirkət satılacağına o kredit təcili olaraq bağlanmalıdır və Dünyamin özü Cahangir Hacıyevlə razılaşdıqdan sonra onu banka göndərdiyi 30 nəfər fiziki şəxsin adlarına 6 milyon ABŞ dollar, həmçinin “Praym İnvestment”ə 1 milyon 500 min manat, “Mekon”a 1.550.000 manat, “Sport Layn”a 1.550.000 manat kredit xətləri açılaraq “Səbail Mebel”ə kredit borcu faiz borcu ilə birlikdə tam şəkildə ödənildi. Qeyd olunan kreditlərin verilməsinə dair Cahangir Hacıyevin verdiyi tapşırıqlar, həm özü, həm də mənim tərəfimdən ayrı-ayrı filial müdirlərinə çatdırılırdı. “Aqora” və “Kondor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətlər də Dünyamin Xəlilovun yaratdığı şirkətlərdir və həmin şirkətlərə ayrılan vəsaitlərin xərc istiqaməti barədə mənim də heç bir məlumat yoxdur, bu barədə Dünyamin Xəlilov özü məlumat verə bilər. “Aqora” MMC-ə 20 aprel 2007-ci il tarixli kredit müqaviləsi üzrə 1. 999.999,85 ABŞ dolları, 18 iyul 2008-ci il tarixli kredit müqaviləsinə əsasən 1. 099.999,93 ABŞ dolları akreditivlərin açılmasına dair komitənin qərarlarını imzalamışam, həmin kredit xətlərinin açılmasına dair Cahangir Hacıyevdən aldığım tapşırığı, Mərkəzi filialın sabiq müdiri Anar Sultanova çatdırmışam”.
Diaspora