Azərbaycan prezidenti MHŞT idarə heyətinin sədrini qəbul edib

Azərbaycan prezidenti MHŞT idarə heyətinin sədrini qəbul edib backend

Azərbaycan prezidenti İlham Əliyev fevralın 1-də Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) idarə heyətinin sədri Frederik Reynfeldti qəbul edib. APA TV xəbər verir ki, dövlət başçısı Frederik Reynfeldtin Azərbaycana səfərinin ölkəmizlə bu qurum arasında əməkdaşlıq məsələlərinin geniş müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib, Azərbaycanın bu təşəbbüsə qoşulan ilk ölkələrdən biri olduğunu vurğulayıb.

Prezident İlham Əliyev o dövrdə təcrübənin öyrənilməsi məqsədilə Azərbaycandan suveren fondları olan ölkələrə nümayəndə heyətlərinin göndərildiyini xatırladıb. Dövlət başçısı Azərbaycan Dövlət Neft Fondunun “Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə 2007-ci il üçün “BMT-nin Dövlət Qulluğu Mükafatı”na layiq görüldüyünü məmnunluqla qeyd edib.

Frederik Reynfeldt Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü ilə uzun illər əməkdaşlıq etdiyini və həmin sahədə böyük nailiyyətlər qazandığını vurğulayıb. Qonaq ölkəmiz tərəfindən açıqlanan hesabatların bu qurumun tələblərinə uyğun olduğunu qeyd edib.

Görüşdə Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü ilə əməkdaşlığın davam etdirilməsinə sadiq olması bir daha vurğulanıb, ölkəmizin gələcəkdə bu qurumda tam hüquqlu üzv statusunun bərpa olunması üçün bütün lazımi tədbirlərin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.


Diaspora