Siqaretlərin reklamı və satışına əlavə məhdudiyyətin qoyulması təklif edilir
Tütün məhsullarının reklamı və satışına əlavə məhdudiyyətin qoyulması təklif edilir.Xezerxeber.az məlumat verir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən Milli Məclisdə müzakirə ediləcək ``Tütün istehlakının məhdudlaşdırılması haqqında`` qanun layihəsinə maraqlı təklif irəli sürülüb.
Təklif siqaretin satış nöqtələrindəki vitrinlərdə görünməməsi ilə bağlıdır.
Mərkəzin şöbə müdiri Tofiq Musayev deyir ki, tütün və tütün məhsullarının istehsalı haqqında qanunda siqaretin reklamı qadağan edilsə də, vitrinlərin reklam xarakterli olması nəzərə alınmayıb.
Vitrinlərin insanları siqaret çəkməyə təhrik etməsini statistik rəqəmlər də sübut edir.
Səhiyyə Nazirliyinin apardığı araşdırmanın nəticələrinə görə, siqaret çəkən yeniyetmələrin 64,8%-i mağazadan siqaret alıb. Onların bir hissəsinin məhz vitrinlərin təsirinə düşməsi istisna olunmur.
Amma satıcılar və yeniyetmələr vitrinləri gizlətməyin siqaretə qarşı mübarizədə effektiv olacağını zənn etmirlər.
Təkliflərin qəbul edilib-edilməyəcəyi Milli Məclisdəki müzakirələrdən sonra məlum olacaq.