Azərbaycan iqtisadiyyatı son illərdə xeyli inkişaf edib və daha bu ölkənin ABŞ-ın maliyyə dəstəyinə ehtiyacı yoxdur. Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Tallin Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza bildirib.
“Sovet İttifaqının süqutundan sonra ABŞ-ın göstərdiyi maliyyə yardımı daimi olmamalıdır. Bu vəsaitlər ölkələrin sovet sistemindən beynəlxalq sistemə keçməsinə yardım olunması üçündür. Azərbaycan bunu edib, artıq köməyə ehtiyacı yoxdur”.O bildirib ki, dünyada ABŞ və amerikalıları təhdid edən böyük humanitar problemlər var: “Mən deməzdim ki, ABŞ üçün Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin əhəmiyyəti prioritetliyini itirib, sadəcə problemlər çoxdur, maliyyə vəsaiti isə məhduddur”.