ABŞ Prezidenti Donald Trampın ölkəsinin İsraildəki səfirliyini Tel-Əvivdən Qüdsə köçürmək istəməsi yenidən Fələstin-İsrail konflikti mövzusunu aktuallaşdırıb. Hazırda hər iki tərəf Qüdsü öz paytaxtı sayır. Fələstin Azadlıq Hərəkatı isə yəhudi məskunlaşmasını İsrail və Fələstin arasında sülhün əldə olunmasında əsas maneə hesab edir.
Axar.az “Anadolu” agentliyinin İsrail-Fələstin konflikti ilə bağlı hazırladığı qısa tarixi arayışı təqdim edir:- 1917-ci ildə Qüdsün ingilislər tərəfindən işğal edilməsindən sonra Fələstin torpaqlarına dünyanın hər yerindən yəhudilər köçməyə başladılar. Böyük Britaniya Baş naziri Artur Balfurun 1917-ci ildə yayımladığı deklarasiyadan sonra yəhudilər Fələstin torpaqlarında paytaxtı Qüds olan yəhudi dövləti yaratmaq haqqı əldə etdilər;
- 14 may 1948-ci ildə Milli Yəhudi Şurası tarixi Fələstin torpaqlarında İsrail dövlətinin yaradıldığını elan etdi. Ərəb-İsrail müharibələri nəticəsində isə Tel-Əviv BMT-nin 1947-ci ildə qəbul edilmiş planının əksinə öz ərazilərini genişləndirdi. Bundan sonra Qərbi Qüds İsrailin, Şərqi Qüds isə İordaniyanın nəzarətinə keçdi;
- Şərqi Qüds 1967-ci ildə Altıgünlük müharibə nəticəsində İsrail tərəfindən işğal edildi;
- 1977-ci ildə Misir Prezidenti Ənvər Sədat İsrailə səfər etdi və Qüdsdə oldu. Bununla da o, Qüdsü İsrail ərazisi kimi tanıyan ilk ərəb lideri kimi tarixə düşdü. Bundan iki il sonra Misir və İsrail arasında ABŞ-ın vasitəçiliyi ilə Kemp-Devid razılaşması imzalandı;
- 1980-ci ildə BMT Təhlükəsizlik Şurası 478 nömrəli qətnamə qəbul etdi. Bu qətnamədə Knessetin (İsrail parlamenti) Qüdsü İsrail paytaxtı adlandırması haqqında qərarı qanunsuz adlandırılırdı;
- İsrail BMT Təhlükəsizlik Şurasının 478 nömrəli qətnaməsini tanımadı və Qüdsdəki qanunsuz fəaliyyətini davam etdirərək İordaniya ilə razılaşmanın şərtlərini pozdu. 25 sentyabr 1996-cı ildə Əqsa məscidi ətrafında aparılan qazıntılar nəticəsində Ağlama Divarına gedən tunel aşkar edildi. Bu, Fələstin əhalisinin etirazına səbəb oldu. Bir neçə gün ərzində baş verən toqquşma nəticəsində 63 fələstinli həlak oldu, 1600 nəfər yaralandı;
- 2003-cü ildən etibarən İsrail Əqsa məscidinin həyətinə yəhudi vətəndaşların polis nəzarəti altında gəlməsinə şərait yaradır. Zaman-zaman İsrail bəzi müsəlmanların məscidə girməsi üçün yaş senzi tətbiq edir;
- 23 dekabr 2016-cı ildə BMT Təhlükəsizlik Şurası Şərqi Qüds və Fələstinin digər rayonlarında qanunsuz məskunlaşmaların dayandırılması ilə bağlı qətnamə qəbul edib.