Yanvarın 19-da Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində Qanlı Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şagirdlər qarşısında çıxış edən liseyin müdiri Musa Ediz bildirib ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı həyata keçirilən terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq.Musa Ediz deyib ki, həmin vaxt xalqının səsinə hər kəsdən əvvəl səs verən Ulu öndər Heydər Əliyev oldu: «Azərbaycan xaqlının Ümummilli lideri Moskvada özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək, təcavüzə kəskin etirazını bildirdi. Ulu öndər faciəni törədənləri, şəxsən Mixail Qorbaçovu kəskin ittiham edərək qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Azərbaycan xaqlının Ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı, eyni zamanda, faciəyə elə imperiyanın mərkəzində verilən ilk siyasi qiymət idi».
Sonra çıxış edən liseyin tarix müəllimi Müşfiq Əlizadə 27 il əvvəl sovet ordusu tərəfindən Bakıda həyata keçirilən qırğının səbəbləri və ağır nəticələri barədə ətraflı danışıb. 20 Yanvarı Azərbaycanın ən yaxın tarixində həm hüzn, həm də qürur günü kimi xarakterizə edən natiq bildirib ki, istiqlal, azadlıq amalı ilə küçələrə çıxan xalq imperiyanın nəhəng hərb maşını qarşısında mətanətlə sinə gərib və müstəqilliyinə qovuşub.
Sonda şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyaya göstərilib.