Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüşdə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə də iştirak edib. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanla İran arasında yüksək səviyyədə münasibətlərin mövcud olduğunu, hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq bütün sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdiyini vurğulayıb: “Məlum olduğu kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci il “İslam Həmrəyliyi İli” elan edilib. Bu da dünyada islam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımların atılmasına, o cümlədən islam ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcək”.
S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətlərindən bəhs edib, son illərdə dünyada təhlükəli proseslərin, kəskin böhranın mövcud olduğu şəraitdə də ölkəmizdə sabitlik və əmin-amanlığın davam etdiyini diqqətə çatdırıb: “Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsinə baxmayaraq, Azərbaycanda uğurlu iqtisadi şaxələndirmə siyasətinə əsaslanan inkişaf kursu davam etdirilir. ÜDM-in 70 faizinin qeyri-neft sektoruna aid olduğu ölkədə təkcə ötən il bu sektor üzrə 5 faiz, kənd təsərrüfatında 2,6 faiz artıma nail olunub. Dünya İqtisadi Forumunun Qlobal Rəqabət Qabiliyyətliliyi İndeksinə görə 37-ci yerdə olan Azərbaycanda şəffaf və əlverişli biznes mühiti təkcə 2016-cı ildə ölkə iqtisadiyyatına 11 milyard 700 milyon dollar sərmayə qoyuluşuna imkan verib.Bütün bu amillər, eləcə də aqrar və inşaat sektorlarının inkişafına, sahibkarlığın davamlı dəstəklənməsinə, sənaye parklarının və zonalarının yaradılmasına yönələn proqramlar əmək resurslarının məşğulluq imkanlarının artmasını, əmək bazarında sabit vəziyyəti də şərtləndirir. Digər tərəfdən, orta aylıq əmək haqqı ildən-ilə artır və ötən il bu artım 7 faiz təşkil edib”.
Nazir ölkəmizdə insan kapitalının inkişafı, müsbət demoqrafik proseslər, habelə əhalinin, o cümlədən iqtisadi fəal əhalinin artımına uyğun olaraq hazırlanan yeni uzunmüddətli Məşğulluq Strategiyası barədə məlumat verib: “Hazırda Azərbaycanın əmək bazarında digər ölkələrlə yanaşı İran vətəndaşları da əmək fəaliyyəti göstərir və ölkə vətəndaşları kimi, onların da əmək hüquqları dövlət tərəfindən qorunur. Eyni zamanda, gələcəkdə əmək pensiyası və digər sosial hüquqlara malik olmaları üçün onlar sosial sığorta sistemi ilə əhatə olunub və bu məqsədlə fərdi uçot sistemində qeydiyyata alınıblar. Son üç ildə həmin sistemdə qeydiyyatda olan İran vətəndaşlarının sayı təqribən 3 dəfəyə qədər artaraq 1054 nəfərə çatıb”.
Dövlət sosial müdafiə sistemi barədə də səfiri məlumatlandıran S.Müslümov möhtərəm dövlət başçısının sosialyönümlü siyasətinə uyğun olaraq, sosial cəhətdən həssas qrupların dövlət təminatının ildən-ilə gücləndirildiyini bildirib: “Bu gün 1 milyon 312 min nəfərin əmək pensiyası, 506 min nəfərin müxtəlif növ müavinətlərlə, 162 min ailənin 707 min nəfər üzvünün ünvanlı sosial yardımla, 15 min nəfərin sosial xidmətlərlə təmin edildiyi ölkədə sosial təminat sistemi müvafiq əhali kateqoriyaları üçün əlçatanlığı və əhatəliliyi ilə seçilir. Dünya Bankının ekspert qrupu da araşdırmalar nəticəsində bu sistemin respublikada əhalinin yoxsul sayıla biləcək hissəsinin 90,1 faizini əhatə etdiyini və yoxsulluğun azaldılmasında mühüm rol oynadığını bildirib. Digər tərəfdən, inkluziv əmək bazarının inkişafı, aktiv məşğulluq proqramları, xüsusən özünüməşğulluq proqramı vasitəsilə aztəminatlı ailələrin gəlirlərinin artırılmasının və biznes imkanlarına yiyələnmələrinin stimullaşdırılması tədbirləri görülür”.
Nazir Azərbaycanda əmək və sosial müdafiə sahələrində avtomatlaşdırılmış idarəetmə və xidmət sistemlərindən (əmək müqavilələrinin elektron qeydiyyatı, ünvanlı dövlət sosial yardımı, əlilliyin qiymətləndirilməsi və avtomatlaşdırılmış pensiya təyinatı sistemləri) bəhs edib: “Əhaliyə şəffaf və müasir şəraitdə xidmətlər göstərməyə imkan verən bu sistemlər hazırda mötəbər beynəlxalq qurumlar tərəfindən də dünyada mütərəqqi təcrübələr kimi qəbul olunur və digər ölkələrdə də təbliği dəstəklənir. Qonşu və dost ölkə olan İranla əməkdaşlıq müstəvisində digər sahələrlə yanaşı, bu sahədə də təcrübə mübadilələrinə həmişə hazırıq”.
Ə.Rəbii Azərbaycan ilə İran arasında dost münasibətlərinin mövcud olduğunu və Azərbaycanda ümumi inkişaf proseslərindən həmişə məmnun olduqlarını qeyd edib. O, iki ölkənin əmək və sosial müdafiə sahələrində də əməkdaşlıq əlaqələrinin inkişafı üçün yaxşı imkanların olduğunu vurğulayıb. Ə.Rəbii xüsusən də müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, kimsəsiz şəxslərin sosial müdafiəsinin təmin edilməsi, sosial xidmət sisteminin təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramları, reabilitasiya və s. sahələrdə təcrübə mübadilələrinin aparılmasının önəmli olduğunu bildirib.
Görüşdə əmək və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.