Azərbaycanın “Azərsun Holdinq” şirkətlər qrupu 2015-ci ildə Bakıda sənaye şokoladı istehsalı üzrə yeni fabrik açacaq. Bu barədə Trend-ə holdinqin baş direktoru Savaş Uzan bildirib.
O, qeyd edib ki, sənaye şokoladı istehsalı üzrə fabrik hazırda Bakıda inşa edilir: "Biz fabrikin məhsullarını istehlak şokoladının istehsalı üçün şirkətlərə göndərəcəyik. Bununla yanaşı, fabrikdə günəbaxan halvası, lokum, marmelad və s. istehsalına da başlanacaq".Onun sözlərinə görə, bu il İmişlidə yem zavodunun istismara verilməsi də planlaşdırılır: "Yem zavodunun gücü ildə 200 min ton təşkil edəcək. Biz müəssisənin martın sonunda istismara veriləcəyini gözləyirik”.
Azərbaycanda 1991-ci ildə əsası qoyulan “Azərsun Holdinq” şirkətlər qrupu bu gün ölkədə ərzaq məhsullarının istehsalı, ticarət və kənd təsərrüfatı sahəsində liderlik edən şirkətdir.