2014-cü ildə Hesablama Palatası 82 nəzarət tədbiri keçirib ki, bunlardan 78-i büdcə vəsaitlərindən istifadə, 4-ü isə büdcədənkənar fondların vəsaitlərindən istifadə sahələrində olub. Trend-in məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında deyib.
Onun sözlərinə görə, 2013-cü illə müqayisədə ötən il Hesablama Palatasının nəzarət tədbirlərinin sayı 9,3 faiz, dövlət büdcəsinə daxil edilmiş vəsaitlərin məbləği isə 59,7 faiz artıb.V.Gülməmmədov qeyd edib ki, göstərilən dövrdə Hesablama Palatasının nəzarət tədbirləri 126 obyekt və 254 şəxsin fəaliyyətini əhatə edib, aşkar edilmiş pozuntulara görə məsuliyyət daşıyanlara qarşı inzibati cəza tətbiq edilib: “Aparılmış yoxlamaların nəticəsi üzrə dövlət büdcəsinə 2,8 milyon manat qaytarılıb. Vergilər Nazirliyi ilə birgə auditor yoxlamlarının nəticəsi üzrə ötən il dövlət büdcəsinə əlavə olaraq daha əvvəl ödənilməmiş 3,3 milyon manat köçürülüb”.
Sədrin sözlərinə görə, korrupsiya ilə mübarizə sahəsində fəaliyyəti gücləndirməklə Hesablama Palatası Baş Prokurorluğa 4 nəzarət tədbiri üzrə materiallar göndərib: “Onlar üzrə ciddi pozuntular aşkarlanıb və dövlətə böyük məbləğdə zərərin vurulması şübhəsi olub. Bu tədbirlər sayəsində dövlət büdcəsinə 2,5 milyon manat qaytarılıb. Hesablama Palatası dövlət büdcəsinə 8,6 milyon manat, 47,1 min avro və 7,5 min dolların ödənilməsini təmin edib, 85 min manat isə təşkilatlar tərəfindən ödənilib. Dövlət Sosial Müdafiə Fonduna 62,5 min manat köçürülüb. Əlavə olaraq, 210,5 min manat şəxsi hesablarda bərpa edilib”.