İqtisadiyyat və Sənaye Nazirliyindən Qaziler.az-a verilən məlumata görə, Dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair növbəti təlim keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, aprelin 14-də İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı “İdarə heyətinin formalaşdırılması” mövzusunda növbəti təlim keçirilmişdir.Tədbirdə 20-dən çox dövlət müəssisəsinin nümayəndəsi iştirak etmişdir.
Təlimdə çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə şirkətin icra orqanının rolu və səlahiyyətləri, onun növləri, habelə icra orqanı üzvlərinin hüquq və vəzifələri barədə iştirakçılara məlumat vermişdir.
Təlim çərçivəsində icra orqanı institutu ilə bağlı mövcud beynəlxalq təcrübə barədə məlumat verilmiş, iştirakçılarla mövzu ətrafında müzakirələr aparılmışdır .
Sonda təlim iştirakşılarının sualları cavablandırılmışdır.
Ümumilikdə, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı 38 istiqaməti əhatə edən 8 mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.