10-11 yanvar tarixlərində diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin də əməkhaqları bu ildən artırılacaq. Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, bu gün və sabah baş tutacaq diaqnostik qiymətləndirmədə ötən il diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər iştirak edəcəklər.
Diaqnostik qiymətləndirmədə Bakı, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Hacıqabul, Sabirabad, Qubadlı rayonlarının, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin və xüsusi internat məktəblərinin müəllimləri iştirak edəcəklər(Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalı). Eyni zamanda Şuşa rayonunun Bakı şəhərindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər də bu qiymətləndirməyə qatılacaqlar.C.Valehov onu da qeyd edib ki, 2017-ci ildə diaqnostik qiymətləndirmə keçirilməyən bölgələrdə bu prosesin təşkili və imtahandan keçən müəllimlərin 2018-ci il yanvarın 1-dən etibarən əməkhaqqının artırılması nəzərdə tutulur.