STAR zavodunun podratçıları tətil elan edib

STAR zavodunun podratçıları tətil elan edib backend

SOCAR-ın Türkiyədəki aktivi olan STAR neft emalı zavodunun tikintisində iştirak edən əsas podratçı şirkətlərdən biri "İlk İnşaat"ın təxminən 600 işçisi tətil elan edib.

Qaziler.az-ım məlumatına görə, "APA-Economics" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hindistandan olan işçilər maaşlarını nizamlı şəkildə ala bilmədiklərini və qeyri-qənaətbəxş şərtlərlə çalışdıqlarını əsas gətirərək ötən gün işə çıxmayıblar.

Uzun müddətdir əmək haqlarının ödənmədiyini deyən işçilər sığınacaqlarının, o cümlədən qidalanma şərtlərinin də çox pis olduğunu qeyd edib. Məlumata görə, onlar üçün xüsusi olaraq ayrılan hindli aşpazın olmasına baxmayaraq, yeməkxanada yalnız türk yeməkləri verilir.

Məsul şəxslərin müdaxiləsi və şərtlərin düzəldiləcəyi ilə bağlı vədlərin verilməsindən sonra işçilər yenidən çalışmağa başlayıb.

"İlk İnşaat"dan sonra daha bir podratçı şirkət - "Gemont"un işçiləri də etiraz edib. Digər iki podratçı şirkətin işçilərini hava durumu ilə əlaqədar "Çayağzı" istiqamətindəki düşərgəyə göndərməsi "Gemont"un işçilərinin etirazına səbəb olub. Onlar bunun haqsızlıq olduğunu bildirərək çalışmaqdan imtina ediblər. Nəticədə xeyli işçi eyni anda işi dayandırıb.

Məsələ ilə bağlı açıqlama verən STAR neft emalı zavodunun rəsmilərinin sözlərinə görə, hindli işçilərin qidalanması məsələsi ilə bağlı kiçik problem yaranıb və məsələ artıq həll edilib: "Yemək məsələsinin bizimlə əlaqəsi yoxdur. Düşərgədə hindli işçilərin yeməkləri xüsusi hindli aşpaz tərəfindən hazırlanır. Lakin bəzən burada türk yeməkləri də verilir. Bu zaman yeməyin çəkisində müəyyən fərq yaranır ki, bu da narazılığa səbəb olur. Biz işçilərlə danışaraq məsələni həll etmişik".
Diaspora