"Azərbaycanda quş qripinin qarşısının alınması ilə bağlı tədbirlər həddindən artıq zəifdir”. Bu sözləri BakiPost.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri (AİB) Eyyub Hüseynov deyib.
O bildirib ki, hazırda Azərbaycanda quş qripi aşkarlanan Ukraynadan gətirilmiş quş ətləri satılır: "25 gündür ki, Ukraynanın dövlət qurumundan orada quş qripinin olması ilə bağlı rəsmi məlumat almışam. Həmin məlumat Azərbaycan dövlət orqanlarına da ötürülüb.
Biz məsələ ilə bağlı tədqiqat apardıq. Məlum oldu ki, "ELİT” Ticarət Mərkəzi ilə üzbəüz olan mağazada Ukraynadan gətirilən quş ətləri satılır. Hətta quş ətləri ora bu xəstəlik aşkar olunduqdan sonra gətirilib”.
E. Hüseynov sahibkarların qanunsuz yollarla Azərbaycana Ukraynadan quş əti gətirdiyini deyib: "İranda bu xəstəlik müşahidə olunan kimi ictimai rəy yaratdılar. Ondan sonra İrandan gələn məhsullara qadağa qoydular. Bəs nə üçün Ukraynadan gələn məhsullara qadağa qoyulmur? Bizə məlumatlar daxil olub ki, müəyyən məbləğlər hesabına sahibkarlar Ukraynadan quş ətinin gətirilməsi üçün Azərbaycan dövlət orqanlarından icazə alıblar”.
Ekspert qeyd edib ki, 8 ay öncə Azərbaycana gətirilmiş müəmmalı quş ətlərini ifşa ediblər: "Həmin quş ətləri 25 faizi naməlum mayelərlədoldurulmuşdu.
Bu quş ətləri Azərbaycana Ukraynadan idxal olunur. İstisna olunmur ki, quş qripi olan digər ölkələrdən də ətlər idxal olunur. Ümumiyyətlə, bu sahədə şəffaflıq olmalıdır. Baytarlıq orqanları isə susur”.
Birlik sədri daha bir maraqlı məqama diqqət çəkib: "2006-ci ildə quş qripi dünyada tüğyan edəndə xarici ölkədən Bakıya gəlirdim. Təyyardə quş qripi ilə bağlı anket payladılar. Mən bilərəkdən həmin anketdə quş qripinin bütün əlamətlərini yazdım. Düşünürdüm ki, mən təyyarədən düşən kimi qarşılayacaqlar, həkimlər müayinə edəcək. Amma məlum oldu ki, bu, yalançı bir məsələdir. Heç kim yoxlamadı”.
Xatırladaq ki, ötən ay Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu XanvəliBakiPost.az-a açıqlamasında bildirmişdi ki, Ukraynadan Azərbaycan idxal olunan quşçuluq məhsullarının gətirildiyi yerlərdə heç bir xəstəlik yoxdur.