İzmirdə törədilən terror aktı zamanı şəhid olan polis əməkdaşı Fethi Sekinin onlarla insanın həyatını xilas etdiyi məlum olub.
Qaziler.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 43 yaşlı polis əməkdaşı qəhrəmanlıq nümayiş etdirib.Fethi Sekin ədliyyə binasının önündə terror təhlükəsini hiss edərək “canlı bombalar”la son nəfəsinədək vuruşub. O, terrorçularından birini öldürə bilsə də, özü də şəhid olub.
İzmir valisi Erol Ayyıldız Fethi Sekinin qəhrəmanlıq göstərdiyini bildirib.
"Terror aktı zamanı Fethi Sekinlə birlikdə ədliyyə əməkdaşı həlak olub. Onların qəhrəmanlığı nəticəsində böyük faciənin qarşısı alınıb. Terrorçuların arzusu puç olub”-deyə vali vurğulayıb.
Türkiyə baş nazirinin müavini Veysi Kayak da deyib ki, İzmirdə partlayışın baş verdiyi ərazidən tapılan silah-sursatlar daha miqyaslı hücumun hazırlandığını təsdiqləyir.
“Terrorçuların hazırlıqlı olması, habelə hadisə yerindən götürülən partlayıcı qurğular, silah və sursatlar daha qanlı hücumun hazırlandığını deməyə əsas verir”, - deyə V. Kayak qeyd edib.
Xatırladaq ki, İzmirdə məhkəmə binası qarşısında baş vermiş partlayış və atışma nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Terrorçulardan ikisi öldürülüb, daha biri barəsində axtarış elan edilib.