Azərbaycanın hər bir regionunda ticarət palataları yaradılacaq

Azərbaycanın hər bir regionunda ticarət palataları yaradılacaq backend

2017-2020-ci illərdə Azərbaycanın hər bir regionunda ticarət palatalarının yaradılması nəzərdə tutulur.

Qaziler.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, hər bir regionda sahibkarların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi və onlara dəstək xidmətlərinin göstərilməsi üçün ticarət palatalarının yaradılması imkanları nəzərdən keçiriləcək. Ticarət palataları dövlətlə sahibkar arasında körpü rolunu oynayacaq və öz üzvlərinə beynəlxalq təcrübəyə uyğun olan xidmətlər göstərəcək. Sahibkarların ticarət palatalarına inamını möhkəmləndirmək üçün müvafiq addımlar atılacaq, qabaqcıl ölkələrdə olduğu kimi, palatalara konsultativ statusun verilməsi məsələsi nəzərdən keçiriləcək. Bu, hazırlanan qanun layihələri ilə bağlı palatalarla məsləhətləşmələrin aparılmasına və dövlət orqanları yanında ictimai şuralarda ticarət palatalarının üzvlərinin iştirakına şərait yaradacaq.

Yaradılacaq palataların əsas məqsədi, ilk növbədə, sahibkarların onlara inamının artırılmasından, ölkədə kiçik və orta sahibkarlıq subyektlərinin qarşılaşdığı əngəllərin aradan qaldırılmasından ibarət olacaq. Əsas hədəf kimi palatalara üzv olacaq şirkətlərin ixrac imkanlarının artırılması, bazarda zəif mövqeyə sahib şirkətlər üçün yeni ideyaların verilməsi, maliyyə vəsaitlərinə əlçatanlığın təmin olunması istiqamətləri müəyyənləşdiriləcək.

Bundan başqa, yol xəritəsində bildirilir ki, Azərbaycanda dövlət-özəl əməkdaşlığının gücləndirilməsi üçün, ilk növbədə, mövcud qanunvericilik bazası təhlil ediləcək və müvafiq təkmilləşdirmələr üzrə təkliflər irəli sürüləcək. Bu islahatlar, əsasən, sahibkarları təmsil edən qurumların hüquqi statusu, onların maraqlarını ifadə imkanları, dövlətlə özəl sektor arasında konstruktiv dialoqun qurulması və digər əlaqəli məsələləri əhatə edəcək.

Yol xəritəsinə əsasən, həmçinin 2017-2018-ci illərdə ölkədə biznes assosiasiyalarının gücləndirilməsi planlaşdırılır. İlk növbədə, Azərbaycanda biznes assosiasiyalarının qanunvericilik bazası öyrəniləcək, onların hüquqi statusu bir daha nəzərdən keçiriləcək və müvafiq təkliflər hazırlanacaq. Bununla yanaşı, Azərbaycan üçün strateji əhəmiyyət daşıyan sahələr üzrə biznes assosiasiyalarının yaradılması təşviq ediləcək. Assosiasiyaların yaradılması və onların maliyyə dayanıqlılığının təmin edilməsi mexanizmləri hazırlanacaq və sahibkarların bu assosiasiyaların faydasına inamını gücləndirmək üçün müvafiq tədbirlər görüləcək.

Bu prioritetin həyata keçirilməsi nəticəsində dövlətlə özəl sektor arasında münasibətlərin tənzimlənməsi sahəsində daha təkmil addımlar atılacaq, Azərbaycanda dövlət-özəl tərəfdaşlığı yeni mərhələyə qədəm qoyacaq. Qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində Azərbaycanda dövlət-özəl əməkdaşlığının tam institusionallaşması təmin ediləcək.

Bu prioritetin icrası üçün əsaslı investisiya qoyuluşu tələb olunmur.
Diaspora