AMB: Gələn il məzənnənin kəskin dəyişkənliyinə yol verilməyəcək

AMB: Gələn il məzənnənin kəskin dəyişkənliyinə yol verilməyəcək backend

Azərbaycan Mərkəzi Bankı (AMB) 2017-ci ildə də özünün likvidlik əməliyyatlarını pul təklifi üzrə razılaşdırılmış hədəf çərçivəsində həyata keçirəcək.


"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB)açıqladığı 2017-ci il üçün pul siyasətinin əsas istiqamətlərində əks olunub: "Monetar islahatlar və üzən məzənnəyə keçid şəraitində pul bazası monetar siyasətin lövbərini təşkil edəcək".
Gələn il də Mərkəzi Bank pul siyasətinin effektiv strateji çərçivəsi olan inflyasiyanın birbaşa hədəflənməsi rejiminin tətbiqinə hazırlıq istiqamətində səylərini davam etdirəcək. Bunun üçün çevik məzənnə rejiminin tətbiqi davam etdiriləcək, pul bazasının pul siyasətinin etibarlı “bələdçisinə” çevrilməsi təmin ediləcək, analitik və proqnozlaşdırma potensialı gücləndiriləcək, habelə, kommunikasiya və hesabatlığı təkmilləşdiriləcək. Eyni zamanda, maliyyə və kapital bazarı inkişaf etdikcə faiz dərəcələrinin pul siyasətinin yeni lövbərinə çevrilməsi imkanlarına da baxılacaq. İnflyasiyanın hədəflənməsi rejiminə keçid şərtlərinin reallaşdırılması ilə yanaşı pul siyasəti dizaynında baş verən qlobal dəyişikliklər, mərkəzi bankların hədəf perimetrinin və alət arsenalının genişləndirilməsi ilə bağlı son meyillər daim izlənəcək və bundan asılı olaraq pul siyasətinə zəruri dəyişikliklər ediləcək.
AMB Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinə uyğun olaraq 2017-ci ildə üzən məzənnə rejiminə tam keçid istiqamətində tədbirləri davam etdirəcək. Üzən məzənnə rejimi iqtisadiyyatın mənfi xarici şoklardan etibarlı qorunmasını, tədiyə balansının və iqtisadiyyatın çevik tarazlaşmasını təmin edir, habelə, pul siyasətinin pul kütləsi və faiz dərəcələrinə təsir imkanlarını artırır. Eyni zamanda, çevik məzənnə rejimi daxili maliyyə bazarının inkişafını təşviq edir, bir sıra yeni maliyyə alətlərindən istifadəni dəstəkləyir. Bundan başqa, yeni məzənnə rejimi valyuta ehtiyatlarının qorunmasını təmin edir. 2017-ci ildə manatın məzənnəsinə başlıca olaraq valyuta bazarında tələb amilləri və onların idarə olunması, o cümlədən idxalın əvəzlənməsi prosesi təsir edəcək. Valyuta bazarında təklifin həcminə isə ixrac potensialının reallaşdırılması təsir edəcək.
"Növbəti ildə AMB üzən məzənnə rejiminə uyğun olaraq valyuta hərracları mexanizminin təkmilləşdirilməsini də diqqət mərkəzində saxlayacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı yalnız məzənnənin kəskin dəyişkənliyini məhdudlaşdırmaq məqsədini daşıyacaq. Valyuta bazarının inkişaf etdirilməsi, o cümlədən, məzənnə risklərinin tənzimlənməsi alətlərinin inkişafının təşviqi 2017-ci ildə də davam etdiriləcək", - deyə sənəddə qeyd olunub.
AMB gələn il pul siyasəti alətlərindən qarşıya qoyulmuş monetar hədəflər çərçivəsində istifadə edəcək, bu alətlərin modernizasiyası istiqamətində tədbirləri davam etdirəcək, alətlərin tətbiqi prosesində faiz dərəcələrinin real səviyyəsi nəzərə alınacaq. Çərçivə alətləri, açıq bazar əməliyyatları və məcburi ehtiyat normaları üzrə parametrlər makroiqtisadi göstəricilərin dinamikası, o cümlədən, inflyasiya riskləri, maliyyə bazarlarında gedən proseslər və bank sektorunun likvidlik mövqeyi nəzərə alınmaqla tənzimlənəcək. Likvidlik alətləri üzrə faiz dərəcələri “faiz dəhlizi” çərçivəsində müəyyənləşdirilərək çevik idarə olunacaq.
Bununla yanaşı, yeni ildə də zəruri hallarda pul kütləsinin sterilizasiyası əməliyyatlarının həcminin artırılması və faiz dərəcələrinin artırılması diqqətdə saxlanacaq. Növbəti ildə vəsaitlərin qısamüddətli cəlb olunması və yerləşdirilməsi alətlərindən ibarət olan çərçivə alətləri bankların qısamüddətli likvidliyinin idarə olunmasına xidmət edərək bankların təşəbbüsü ilə Mərkəzi Bank tərəfindən müəyyən olunmuş faiz dərəcələri ilə həyata keçiriləcək. Vəsaitlərin cəlb olunması məqsədilə çərçivə əməliyyatlarının (1-7 günlük REPO) faiz dəhlizinin aşağı həddi ilə aparılması nəzərdə tutulur. Vəsaitlərin yerləşdirilməsi məqsədilə əməliyyatlar isə (1-7 günlük əks-REPO) faiz dəhlizinin yuxarı həddi ilə aparılacaq.
Açıq bazar əməliyyatları əvvəlki illərdə olduğu kimi 2017-ci ildə də AMB-nin təşəbbüsü ilə həyata keçiriləcək. Bu zaman vəsaitlərin cəlb olunması üçün nəzərdə tutulan açıq bazar əməliyyatları faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi arasında tərəddüd edən faiz dərəcələri ilə aparılacaq. Belə əməliyyatlara hərraclar vasitəsilə depozitlərin cəlb edilməsi, habelə Mərkəzi Bankın qısamüddətli notlarının emissiyası aiddir. Vəsaitlərin yerləşdirilməsi üçün nəzərdə tutulan, yəni emissiya xarakterli açıq bazar əməliyyatları isə uçot dərəcəsi ilə faiz dəhlizinin yuxarı həddi arasında tərəddüd edən faiz dərəcələri ilə aparılacaq.
Məcburi ehtiyat normaları da AMB-nin istifadə etdiyi pul siyasəti alətlərindən biri olaraq qalacaq. Mərkəzi Bank 2017-ci ildə də məcburi ehtiyat normalarını aylıq ortalama rejimində tətbiq edəcək ki, bu da banklar tərəfindən likvidliyin çevik idarə olunmasına imkan verəcək. Pul bazarındakı vəziyyətə adekvat təsir göstərmək məqsədilə pul siyasəti alətlərinin effektiv tətbiqinə, monetar əməliyyatların optimal planlaşdırılmasına nail olmaq üçün Mərkəzi Bank 2017-ci ildə aidiyyatı iqtisadi qurumlar ilə birlikdə likvidliyin monitorinqi və proqnozlaşdırılması sisteminin formalaşması istiqamətində müvafiq işlər görəcək. Pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi çərçivəsində banklararası pul bazarının fəaliyyətinin gücləndirilməsi, buradakı faiz dərəcələrinin faiz dəhlizi mexanizminə inteqrasiyası istiqamətində işlər 2017-ci ildə də davam etdiriləcək. Bu işlər pul siyasətinin iqtisadiyyata ötürücülük mexanizmində faiz kanalının gücləndirilməsinə xidmət edəcək.
Diaspora