Azərbaycanda ixrac assosiasiyaları yaradılacaq.
Qaziler.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə deyilir.Qeyd olunur ki, kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin xarici bazarlara çıxış üçün maliyyə, texniki və insan resursları, eləcə də bu sahədə bacarıqları iri şirkətlərə nisbətən daha məhdud olur. Bu çatışmazlığın aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Belə ki, xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasının təşviqi ilə əlaqədar mexanizmlər formalaşdırılıb. Hazırda Azərbaycanda istehsal olunan malların vahid məlumat bazasının yaradılması istiqamətində tədbirlər görülməkdədir.
Bu istiqamətdə ən effektiv vasitələrdən biri KOS subyektlərinin fəaliyyət göstərdikləri sektorlar üzrə assosiasiyalarda bir araya gələrək səylərinin və imkanlarının artırılması ola bilər. Bu məqsədlə assosiasiyalar KOS subyektləri üçün faydalı və zəruri xidmətlər göstərilməsini təşkil edə, onların bu xidmətlərdən güzəştli və əlverişli şərtlərlə istifadə etməsini təşviq edə bilərlər. KOS subyektlərinin ixrac göstəricilərinin artırılması, eləcə də ixracın şaxələndirilməsi (ixracda daha çox qeyri-neft məhsullarının əhatə olunması) məqsədilə Azərbaycanda bir çox sənaye sahələrində kiçik və orta sahibkarlıq subyektlərinin ixracının təşviqinə ehtiyac olacaq. Bu təşəbbüsün icrası məqsədilə pilot sektorlar əsas götürülməklə, ayrı-ayrı sektorlar üzrə ixrac assosiasiyalarının formalaşdırılması zəruridir.
Yol xəritəsində bildirilir ki, 2017-2020-ci illərdə İxrac assosiasiyalarının yaradılması üçün KOS subyektlərinin daha çox təmsil olunduğu sektorlar pilot kimi seçiləcək. Müəyyən edilmiş sektorlarda potensial ixrac bazarları və KOS subyektlərinin həmin bazarlarda rəqabət imkanları təhlil ediləcək, KOS subyektlərinin ixrac potensialı qiymətləndiriləcək.
KOS agentliyinin və AZPROMO-nun köməyi ilə Azərbaycanda pilot sektorlar üzrə ixrac assosiasiyaları formalaşdırılacaq və KOS subyektlərinin həmin assosiasiyalarda iştirakı stimullaşdırılacaq. İlkin diqqət daha yüksək ixrac payına malik olan orta sahibkarlıq subyektlərinə yönəldiləcək. İştirakçı KOS subyektləri xarici bazarlarda daha yaxşı rəqabət aparmaq imkanlarından, bazar araşdırmalarından, eləcə də hədəf bazarlarda qanunvericilik məlumatlarından bəhrələnə biləcəklər.
Assosiasiyaların əsas fəaliyyəti ayrı-ayrı sektorların ehtiyaclarından asılı olaraq dəyişəcək. Bu fəaliyyətə KOS subyektləri arasında bir sıra ixracyönümlü əməkdaşlıq, o cümlədən seminar, təlim və kursların təşkili yolu ilə biliklərin artırılması, beynəlxalq ticarətin təşviqi, satış və alış missiyaları, ixrac məhsullarının qeydiyyatı, reklam fəaliyyətləri və brendin yaradılması, yerli və beynəlxalq tədbir və sərgilərdə iştirak, marketlər və anbarlar, hədəf bazarlar və bu bazarlarda mövcud qanunvericilik haqqında bazar araşdırmaları, layihə əsasında tədqiqat və inkişaf dəstəyi, mərkəzləşdirilmiş məlumat bazasının idarə olunması və s. daxildir.
Davamlı maliyyə vəsaitlərinin ayrılmasını təmin etmək məqsədilə assosiasiyalar vasitəsilə satılan ixrac məhsullarının müəyyən faizinin xidmət haqqı kimi ödənilməsi imkanları nəzərdən keçiriləcək. Ayrı-ayrı təşviq layihələrini ixrac assosiasiyaları bilavasitə idarə edəcəklər. Assosiasiyaların fəaliyyətini, mövcud çətinlikləri və müvafiq təkmilləşdirmə imkanlarını müzakirə etmək üçün ixrac assosiasiyalarının, KOS agentliyinin, AZPROMO-nun və digər müvafiq qurumların nümayəndələrinin iştirakı ilə illik iclaslar təşkil ediləcək.
Yol xəritəsinə əsasən, bu prioritetin nəticəsi olaraq, Azərbaycanın real ÜDM-ində 2020-ci ildə 45 milyon manat artım gözlənilir. Məşğulluq göstəricilərində isə hər hansı ciddi artım proqnozlaşdırılmır.
Bu prioritetin icrası üçün hər hansı əsaslı investisiya qoyuluşu tələb edilmir.