"SOCAR-ın “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uçması nəticəsində itkin düşən neftçilərin “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”sı “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən həyata keçirilib.
“PAŞA Həyat”ın mətbuat katibi Elnur Hüseynquluyev “APA-Economics”ə bildirib ki, hələlik baş vermiş hadisə ilə bağlı “Azneft” İB tərəfindən “PAŞA Həyat” şirkətinə rəsmi müraciət daxil olmayıb: “Yəqin ki, yaxın saatlarda rəsmi müraciət ediləcək. Hazırda şirkətdə yaradılmış xüsusi qrup tərəfindən qəzada həlak olan neftçilərin siyahısı və onların ailə tərkibləri dəqiqləşdirilir. Ödənişlərin verilməsində heç bir problem olmayacaq. Ödənişlər qanunvericiliyə müvafiq qaydada tam vaxtında veriləcək. Müvafiq qurumlar tərəfindən lazımı sənədlər təqdim edildikdən sonra onların ailələrinə sığorta ödənişləri ediləcək”.