Dünəndən Abşeron rayonu, Xırdalanan şəhərinə suyun verilişi dayandırılıb. Bu barədə BakiPost.az-a məlumat verən sakinlər şəhərdəki bütün müəssislərdə, idarələrdə, hətta Mərkəzi Xəstəxanada elə su olmadığını bildiriblər. Şəhər sakinləri istər orta məktəblərə, istərsə xəstəxanalara üfunətdən yaxın düşə bilmədiklərini söyləyirlər.
Şəhər sakini Ramil Hüseynovun sözlərinə görə, su dünəndən kəsilib: "Ümumiyyətlə, 3-4 ilə yaxındır ki, su problemimiz var. Köhnə su xətləri dəyişiləndən sonra bu baş verdi. Əvvəl su saatla verilirdi. Yeni borular çəkiləndən sonra suyun daimi veriləcəyi bildirildi. Çünki ora dövlət büdcəsindən kifayət qədər vəsait ayrılmışdı. Amma sevincimiz qısa müddətli oldu. Belə ki, hər həftə su kəsilir. Hər dəfə də "Qaynar xətt”dən qəza baş verdiyini deyirlər. Başa düşə bilmirik ki, hər həftə necə qəza baş verir?Normal ölkələrdə bu cür qəzalar ildə bir dəfə baş verir. Qəza baş verdiyi zaman da alternativ su mənbəyi olur. İndi hansı dövrdə yaşayırıq ki, su üzünə həsrət qalmışıq?”
"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı Xırdalana verilən suyun dünəndən kəsilməsi xəbərini təsdiqləyib: "Bəli, dünəndən Xırdalan şəhərində su kəsilib. Çünki dünən şəhərin 26-ci məhəlləyə yaxın ərazisində yerləşən magistral xətdə qəza vermişdi. Artıq problem həll olunub. Qəza baş vermiş yerdə təmir işləri yekunlaşıb. Bir necə saatdan sonra evlər normal su ilə təmin olunacaq. Çünki sistem rejim yığmalı, təzyiq xətdə yüksəlməlidir. Qəzadan sonra biz xətti su ilə yavaş-yavaş doldururuq. Birdən suyu xəttə buraxa bilmərik”.
Anar Cəbrayıllı qeyd edib ki, qəza xeyli ciddi olduğu üçün şəhərin bütün ərazisində su kəsilib.