Vyana toplantısı nəyə lazım idi?

Vyana toplantısı nəyə lazım idi? backend

OPEK-in Vyana toplantısında neft hasilatının azaldılması ilə bağlı qərar verildi. Azərbaycan neft istehsal edən ölkələrin görüşündə gündəlik neft hasilatını 35 min barrel, hazırkı hasilatının 5,5 faizi qədər azaltmağa razı olub. Bu razılıq gələcəkdə ölkəmizin valyuta dəyərlərinə və iqtisadi vəziyyətinə hansı təsirləri göstərəcək?

Ekspert Qubad İbadoğlu deyib ki, Əgər həqiqətən də Azərbaycan neft ixracatını gündə 35 min barrel aşağı salarsa, cari qiymət səviyyəsində ölkəmiz gündə 1,925 milyon dollar, ayda isə 57,5 milyon dollar ixrac gəlirlərindən məhrum ola bilər. Onun söğzlərinə görə bu məbləğin 47 milyon dollarının xalis mənfəət olduğunu nəzərə alsaq, onda aylıq təmiz valyuta itkisi orta aylıq qeyri-neft ixracatının yarısı qədər olacaq: "Rəsmi məlumatlarda bu ilin 9 ayının yekunlarına görə, Azərbaycanda orta aylıq qeyri-neft ixracatı 93,7 milyon dollar təşkil edib. Belə olan halda valyuta gəlirlərinin azalması manatın məzənnəsinin ucuzlaşmasını şərtləndirən amilləri daha da fəallaşdıra bilər. Ona görə bu məsələdə həlledici rol dünya bazarında neftin qiymətinin hansı səviyyədə tarazlaşmasından asılı olacaq”.

Qubad İbadoğlu hesab edir ki, dünya bazarında neft təklifinin azaldılması qərarı hər barrelə görə qiymətin gələn ildən orta səviyyəsinin cari səviyyədən 10 dollar və daha çox yüksəlməsinə gətirib çıxaracağı halda Azərbaycanın qiymət artımından əldə etdiyi fayda itirdiklərindən çox ola bilər:"Əks təqdirdə, miqdarın itkisi qiymət artımını kompensasiya edə bilməyəcək. Bu isə Azərbaycan kimi iqtisadiyyatı və milli valyutası neft gəlirlərindən asılı olan ölkələr üçün risklidir”.

Caspian Barrel Neft araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaqbanın sözlərinə görə Azərbaycan hökuməti gələn il üçün hələ Vyana toplantısından əvvəl, yəni oktyabr ayında 1,51 mln ton neftin azalmasını proqnozlaşdırmışdı: "Vyana görüşünə qeyri-OPEK ölkələri sırasında qatılmaqla isə onu göstərdik ki, Neftin dünya bazarında hazırkı qiymətləri ilə razı deyil və qiymətlərin "ədalətli dəhlizə” keçməsi üçün 2017-ci ildə hasilatını azaltmaq istəyən dövlətlərin sırasındadır.

Hasilatın bu qədər azalması Azərbaycan iqtisadiyyatına və onun valyuta gəlirlərinə hansı səviyyədə mənfi təsir edə bilər? sualına isə iqtisadçı belə cavab verib: "Əlbətdə, hasilat həqiqətən də hökumətin proqnozlaşdırdığı səviyyədə azalarsa, bu illik olaraq 11 milyon bareldən yüksək bir həcmdir. Təbii ki, onun gəlirləri də kifayət qədər hiss ediləcək böyük bir məbləğdir. Ancaq bu itkini, yəni cari ildə Azərbaycanın neftdən gələn gəlirləri səviyyəsində (söhbət Neft Fonduna gələn mənfəət neftindən gedir – $5 mlrd) örtmək üçün yetər ki, neftin qiyməti 2017-də 23% (barelində $10) artmış olsun və illik orta qiyməti $55 təşkil etsin. Gəlirlərin artırılmasının digər amili isə hətta neftin qiymətinin bir qədər az olması yönümündə hasilat həcmlərinin bir-neçə yüz min ton artırılmasına nail olmaqdır, necə ki, cari ildə bu həyata keçirildi”.


Rüfət Soltan

Adalet.az


Diaspora