Azərbaycanda yeni elektrik enerjisi, təbii qaz tariflərinin dolayı təsirlərinin kompensasiya edilməsi üçün müvafiq tədbirlər nəzərə tutulub.
Qaziler.az bildirir ki, "Report"un verdiyi xəbərə görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin plenar iclasındakı çıxışında bildirib.Nazir Tarif Şurasının son qərarı ilə bağlı səslənən fikirlərə də münasibət bildirib: "SOCAR hər kubmetr qazın satılması üçün 140 manat xərcləyir. Hazırda qazın orta satış qiyməti 90 manatdır. SOCAR faktiki olaraq zərərlə işləyir. SOCAR tərəfindən investisiyaların qoyulması, hətta qazın hasilatının sabit saxlanması mümkün olmurdu. SOCAR-a büdcə hesabına invesisiyaların ayrılması gündəmə gəlirdi.
Qazın hasil edilməsi, istehlakçılara çatıdırılması üçün təmir işləri zəruri idi. Prezident tərəfindən həyata keçirilən sosialyönümlü siyasəti nəzərə alaraq sosial baxımından həssas təbəqinin maraqlarını qorumaq üçün optimal qərar qəbul edilib. 1500 kubmetr güzəştli tariflə müəyyən edilmiş istehlakdır. Əhalinin 62%-i 1500 kubmetrədək qaz istifadə edir. Böyük hissə bundan zərər çəkməyəcək, onlara qənaət üçün stimul verəcək".
Onun sözlərinə görə, 2017-ci ildə gözlənilən 1%-lik iqtisadi artıma qeyri-neft sektoru hesabına nail olunması nəzərdə tutulur: "Qeyri-neft sektorunun 2,5% artacağı gözlənilir. Biznes mühitinin yaxşılaşdırılması nəticəsində qeyri-neft sənayesi hesabına 6,9% artım gözlənilir.
Gələn il beynəlxalq dəniz ticarət limanı tam gücü ilə işə başlayacaq, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı daxil olmaqla Azad Ticarət Zonası yaradılacaq. Pambıqçılığa 130 min hektar sahə ayrılacaq".