İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların maarifləndirilməsi tədbirlərini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, növbəti maarifləndirmə tədbiri aprelin 10-da “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir” mövzusunda Mingəçevir Politexnik İnstitutunda keçirilmişdir. Tədbirdə ali təhsil müəssisəsinin müəllim və tələbələri iştirak etmişdir.Seminarda çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının qorunması sahəsində görülən işlər barədə məlumat vermişdir. İstehlakçı hüquqlarının qorunmasının ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayan Araz Əliyev bu baxımdan istehlakçı hüquqlarının daha etibarlı qorunması, istehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunmasının səmərəliliyinin artırılması üçün kompleks tədbirlərin davam etdirildiyini qeyd etmişdir.
Tədbirdə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmənin xüsusi rolu vurğulanmış, Dövlət Xidməti tərəfindən müxtəlif konfransların və seminarların keçirilməsinin, kütləvi informasiya vasitələrində maarifləndirici məlumatların yayılmasının, o cümlədən televiziyada istehlakçı hüquqları ilə bağlı xüsusi verilişlərin hazırlanmasının, istehlakçı hüquqlarına dair müxtəlif mövzularda yaddaş kitabçalarının və digər əyani vəsaitlərin hazırlanaraq istehlakçılara paylanmasının maarifləndirmədə xüsusi əhəmiyyəti qeyd edilmişdir. Maarifləndirmə tədbirləri hazırda da davam etdirilir.
Seminarda çıxış edənlər maarifləndirmə işlərinin mühüm önəmini bir daha vurğulamış, istehlakçılara isə öz hüquqlarının müdafiəsində fəal olmağı, qarşılaşdıqları məsələlərin həllində aidiyyəti qurumlarla əməkdaşlıq etməyi özlərinin və ailələrinin sağlamlığını qorumaq üçün malların keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət yetirmələrini tövsiyə etmişlər.
Tədbir çərçivəsində seminar iştirakçılarının sualları cavablandırılmış, onlara istehlakçı hüquqlarına dair müxtəlif materiallar paylanmışdır.