İqtisadiyyata kredit qoyuluşu bir ildə 6 milyard manat azalıb

İqtisadiyyata kredit qoyuluşu bir ildə 6 milyard manat azalıb backend

Mərkəzi Bank bu ilin 10 ayı üzrə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları üzrə statistik göstəriciləri açıqlayıb. Göstəricilərdən məlum olur ki, bu ilin ilk 10 ayı ərzində ölkədə 15 milyard 820 milyon manatlıq kredit qoyuluşu olub. Bunun 719 milyon manata yaxınını manat, 531 milyon manata qədərini dollar təşkil edib. Ötən il isə qoyulan keditin məbləği 22 milyarda yaxın olub. Bu minvalla 2015-ci illə müqayisədə, bu ilin sonuna doğru kredit qoyuluşunda fərqin 5-6 milyard civarında olacağı ehtimal edilir.

Rəqəmlərin təhlilindən görünür ki, 2016-cı ilin ilk 10 ayı ərzində kredit qoyuluşuna görə, regional iqtisadi bölgələr arasında Bakı yenə də liderlik edir. Ümumi kredit məbləğinin 80 faizdən çoxuı paytaxtın payına düşüb, amma ötən illə müqayisədə Bakıya kredit qoyuluşu 5 milyard manat azalıb. Kreditlərin verilməsinə görə, ikinci yerdə Aran iqtisadi rayon qərarlaşır, bu bölgəyə 609 milyon manatlıq kredit verilib. Amma2015-ci illə müqayisədə Aranın da payı təxminən 300 milyon manat azalıb.

Lənkəran iqtisadi rayonunda kredit qoyuluşu (ötən illə müqayisədə) 328 milyon manatdan 219 milyon manata (33 faiz azalma) enib. Dağlıq Şirvan iqtisadi bölgəsi 2015-ci ildə 127 milyon manatlıq kredit əldə etmişdisə, bu ilin ilk 10 ayı ərzində 93 milyon manat kredit verilməsi qeydə alınıb. Naxçıvan Muxtar Respublikasında da kredit qoyuluşunda ötən illə müqayisədə azalma müşahidə olunub. Ötən illə müqayisədə 30 milyon az kredit alan respublikada bu göstərici 105 milyon manata düşüb.

Mərkəzi Bankın statistikasının təhlilindən görmək olar ki, iqtisadi regionlar üzrə kreditin faiz dərəcəsi bölgələrə görə fərqli olub. Əgər Bakıda krediti 9 faizlə veriblərsə, regionlarda bu, ən aşağı 13, ən yuxarısı 22.9 faiz olub. Ölkə üzrə orta faiz dərəcəsi 11 götürülüb. Ancaq ötən illi müqayisədə bu il faiz dərəcələri aşağı salınıb. 2015-ci ildə ölkə üzrə kreditlərə tətbiq edilən faiz dərəcəsi 13 olub. Ötən il Bakıda 11, Lənkəranda 23 faizlə kredit verilib.

Bu ilin 10 ayı ərzində ən çox kredit (ev təsərrüfatları istisna olmaqla) ticarət və xidmət, o cümlədən, inşaat və əmlak sektoruna yönəldilib. Mərkəzi Bankın açıqladığı statistikada kredit portfelinin ümumi mənzərəsini görmək olar.

Belə ki, 16 milyard manata yaxın kredit portfelində ticarət və xidmətin payı 15.7 faiz, inşaat və əmlak sektorunda 11.5 faiz olub. Ötən illə müqayisədə ticarət və xidmət sahəsinin payı 1,2 faiz artsa da, inşaat və əmlak sektorunun payı 2.5 faiz azalıb. Ümumilikdə, ticarət və xidmət sahəsinə 2,5 milyard manat kredit ayrılıb, otən il isə bu rəqəm 3 milyard manatdan çox olub.

İnşaat və əmlak sektoru ötən illə müqayisədə təxminən 1,2 milyard manat daha az kredit alıb. O cümlədən daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) qoyulmuş kreditin ümumi məbləği 1 milyard 600 milyon manatdan çox olub.

Ötən illə müqayisədə bu sahəyə kredit qoyuluşu təxminən 1 milyard 500 milyon olub. Ötən il də, bu il də bu sahənin ümumi kredit portfelindəki payı artım xətti ilə davam edib.

Mərkəzi Bankın statistikasına görə, vaxtı keçmiş kreditlər ümumi portfelin 8,7 faizini təşkil edir. Ötən il bu rəqəm 6,9 faiz olub. Hazırda vaxtı keçmiş kreditlərin ümumi məbləği 1 milyard 375 milyon manat həcmində dəyərləndirilir.

İqtisadiyyata kredit qoyuluşlarının azalması ölkədə iqtisadi fəallığın azalması, nəticədə 3 faizlik resessiyaya səbəb olan əsas amillərdən biridir. Bu isə iş yerlərinin bağlanması, əhalinin gəlirlərinin azalması kimi nəticələr doğurur.
Diaspora